Ermənistan yalnız öz yurisdiksiyası altında nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
"Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil", - deyə Baqdasaryan bildirib.
Xatırladaq ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirmişdi ki, ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.