ABŞ prezidenti Donald Tramp Ukraynaya təzyiq etməklə, müharibəni çox tez dayandıracağına inanırdı. O, hətta Ukraynanın təbii sərvətlərini asanlıqla istismar edəcəyini düşünürdü. Lakin Ukrayna prezidenti Volodimr Zelenksinin ciddiyyəti və qətiyyəti nəticəsində planları hələlik baş tutmayıb.
Hesab etmək olarmı ki, Zelenski Tramp və ABŞ-yə meydan oxumaqla, özünü təhlükəyə atır? Trampın prezident olmadan öncə verdiyi vədləri nəzərə alsaq, mövcud gedişat onun nüfuzuna necə təsir edir?
Mövzu ilə bağlı politoloq Şahin Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, əslində Zelenski Amerikaya meydan oxumur. Sadəcə olaraq, öz ölkəsinin maraqlarını mümkün qədər müdafiə etməyə və ədalətli sülhə nail olmağa çalışır:
"Lakin bugünkü Amerika adminstrasiyası üçün nəyin bahasına olursa-olsun, müharibəni dayandırmaq daha vacibdir. Yəni, Trampı sülhün hansı şərtlərlə əldə olunacağı çox da maraqlandırmır. O, seçkiqabağı verdiyi vədi reallaşdırmağa çalışır. Tramp müharibəni 24 saata dayandıra biləcəyini davamlı şəkildə səsləndirirdi. Andiçmə mərasimindən sonra Tramp eyni mövqeni davam etdirir. Hazırda Tramp həm Amerika daxilində seçicilərinə, həm də dünyaya verdiyi vədlərə sadiqliyini və vədlərini həyata keçirmək gücündə olduğunu göstərmək lazımdır. O, eyni zamanda müharibələri dayandıran şəxsiyyət kimi Nobel mükafatı almaq niyyətindədir".
Ş.Cəfərlinin fikrincə, ABŞ Rusiya-Ukrayna müharibəsində Kiyevi zəif tərəf kimi görür. Ona görə də məhz Ukraynaya təzyiq göstərərək, onu masaya əyləşdirməyə və əlverişsiz sülh anlaşmasını imzalamağa məcbur etməyə çalışır.
"Zelenskinin Oval Evdə ortaya qoyduğu mövqe, Trampa və vitse-prezident Ceyms Devid Vensə verdiyi cavablar hazırda iki ölkə arasında münasibətlərdə gərginlik yaradıb. Artıq bu gecə Trampın əmri ilə Ukraynaya göndərilən hərbi yardımların dayandırılması haqqında qərar qəbul olunub. Qərara görə, Amerikanın Ukraynaya göndərdiyi yardımlarda fasilə veriləcək. Bu qərar Ukraynanın vəziyyətini çətinləşdirsə də, Ukrayna üçün vəziyyət çıxılmaz deyil. Hər halda Kiyevin müəyyən hərbi ehtiyatları var və Amerikanın dəstəyi olmadan müharibəni bir müddət davam etdirə bilər”.
Müsahibimizə görə, lakin ümumi vəziyyət elə də yaxşı deyil. Qarşıdakı dövrdə iki ölkə arasında danışıqlar davam edəcək. Onun fikrincə, hətta yaxın günlərdə və ya həftələrdə Ukrayna faydalı qazıntılarının istismarına dair iki ölkə arasında hazırlanmış müqavilə imzalana bilər. Bundan sonra Amerikanın Ukraynaya hərbi yardımları bərpa oluna bilər.
Şahin Cəfərli: Ukrayna Amerikanın dəstəyi olmadan müharibəni bir müddət davam etdirə bilər
Trampın nüfuzuna da toxunan politoloq hesab edir ki, Amerika cəmiyyəti qütbləşib. Yəni, hazırda ölkə iki düşərgəyə ayrılıb. Bu baxımdan Tramp nə etsə də, onun Respublikaçılar içində nüfuzuna mənfi təsir göstərmir. Respublikaçılar hər zaman Trampın arxasında dayanmağa davam edəcəklər:
"Önəmli məqam budur ki, Amerikada seçkilərin taleyini adətən müstəqil mövqeli seçicilər müəyyənləşdirir. Belə ki, Amerikada respublikaçı və demokrat olmayan müstəqil seçici qrupu var. Onlar xüsusilə mübahisəli ştatlarda seçkinin taleyini həll edirlər. Trampın həmin seçici kütləsi arasında nüfuzunun düşməsi respublikaçılara qarşıdakı seçkilərdə xoşagəlməz sürprizlər yaşada bilər. Məsələn, gələn ilin payızında Amerika Konqresində növbəti yerlərin üçdə birinə qarşı seçki keçiriləcək”.
“Hazırda Tramp ticarət savaşlarına start verib. Bu, qarşılıqlı şəkildə rüsumların yüksəlməsinə, Amerika daxili bazarında zəruri istehlak mallarının qiymətinin bahalaşmasına və ölkədə inflyasiyaya səbəb olacaq. Əgər indiki vəziyyət davam edərsə və Trampın ticarət savaşları dayanmazsa, bu neqativ amillərin təsiri ilə respublikaçıların qarşıdakı seçkiləri uduzması ehtimalı artır", - deyə Şahin Cəfərli əlavə edib.
Gülşən Şərif