Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Məlumata görə, sənətkarın vəziyyəti nəzarət altındadır və yaxın günlərdə müalicə aldığı tibb müəssisəsindən evə buraxılması gözlənilir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Xalq artistinin köməkçisi Yaqut İmanova məlumat verib. Onun sözlərinə görə, Flora Kərimovanın müalicəsi davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl Flora Kərimova ilə tanınmış müğənni Afət Fərmanqızı arasında münasibətlərdə gərginlik yaranmış, tərəflər arasında məhkəmə çəkişməsi baş vermişdi. Məhkəmə qərarı Afət Fərmanqızının xeyrinə nəticələnmişdi.
Məsələ ilə bağlı Bakıvaxtı.az Afət Fərmanqızı ilə əlaqə saxlayıb, onun Flora Kərimovanın səhhəti, eləcə də aralarındakı münasibətlər barədə fikirlərini öyrənib.
Müğənni Xalq artistinə şəfa diləyərək bildirib:
“Flora xanıma sidq-ürəkdən can sağlığı arzulayıram. O, çox səmimi və saf insandır. Bəzi şəxslər onun səmimiyyətindən, insanlara olan etibarından istifadə edərək mənə qarşı çirkin kampaniya aparmağa, haqqımda əsassız fikirlər yaymağa çalışıblar. Məhkəmə prosesi zamanı məlum oldu ki, onun sosial şəbəkə hesabında mənimlə bağlı paylaşılmış bəzi yazılardan Flora xanımın xəbəri olmayıb.
Mənə inandırıcı gəlmirdi ki, Flora xanım Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnmiş “Pəncü şeş” mahnımı dinləyib mənə qarşı qərəzli fikirlər səsləndirsin. Hesab edirəm ki, bu proseslərin arxasında müəyyən maraqlı şəxslər dayanırdı”.
Afət Fərmanqızı əlavə edib ki, həmin dövrdə onun televiziya proqramlarına çıxışına da maneələr yaradılıb:
“Şou saytlarının bir hissəsi onların təsiri altında idi, televiziya kanallarına çıxmağıma mane olurdular. Mənə deyirdilər ki, Flora xanım Xalq artistidir, nüfuzlu sənətkardır və məhkəmədə qalib gələcək. Lakin prosesləri izlədikcə bir daha əmin oldum ki, qanunun aliliyi hər şeydən üstündür. Məhkəmə ədalətli qərar verdi və mən qalib gəldim. Hüququn və ədalətin bərqərar olması cəmiyyətdə dövlətə inamı və sosial həmrəyliyi daha da gücləndirir”.
Müğənni sonda Flora Kərimovaya yenidən şəfa arzulayıb:
“Bir daha Flora xanıma tezliklə sağalmasını və əvvəlki sağlamlığına qovuşmasını arzulayıram”.
Murad İsmayıl
Bakı 



