Növbəti köç karvanı Cəbrayıla çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Cəbrayıl şəhərinə 50 ailə - 199 nəfər köçürülüb. Sakinlərə mənzillərin açarları təqdim edilib.
Bununla bağlı keçirilən tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
***
13:41
Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı kəndə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə mənzillərin açarları təqdim edilib.
***
08:59
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə Bərdə rayonundan – 21 ailə (76 nəfər); Bakı şəhərindən – 19 ailə (75 nəfər); Mingəçevir şəhərindən – 5 ailə (19 nəfər); Ağdam rayonundan – 4 ailə (16 nəfər); Ağdaş rayonundan – 2 ailə (10 nəfər); Oğuz rayonundan– 2 ailə (8 nəfər); Abşeron rayonundan – 2 ailə (8 nəfər); Yevlax rayonundan– 2 ailə (6 nəfər); Qəbələ rayonundan – 1 ailə (5 nəfər); Göyçay rayonundan – 1 ailə (5 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (4 nəfər) olmaqla ümumilikdə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə Bakı şəhərindən – 18 ailə (76 nəfər); Biləsuvar rayonundan – 12 ailə (50 nəfər); Abşeron rayonundan – 11 ailə (42 nəfər); Sumqayıt şəhərindən – 6 ailə (22 nəfər); Şabran rayonundan – 2 ailə (8 nəfər); Mingəçevir şəhərindən – 1 ailə (1 nəfər) olmaqla ümumilikdə 50 ailə - 199 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.