Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
11:51
Lənkəranda baş verən qətlin təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qətlə yetirilən 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadənin dayısı bildirib ki, onu qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nicat Lələzadə ilə onların münasibətləri uzun müddətdir gərgin olub və tərəflər təxminən 5 ilə yaxın ayrı yaşayıblar.
Məlumata görə, Əfsanə həyat yoldaşından boşanmaq istəyib. Nicat isə buna etiraz edib. Hadisə baş verən gün səhər saatlarında Nicat Lələzadə Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qarşısına çatanda aralarında mübahisə yaranıb. Bu zaman Nicat özü ilə gətirdiyi bıçaqla qadına bir neçə zərbə endirib.
Ağır xəsarət alan Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma Lənkəran rayon prokurorluğunda davam etdirilir.
***
10:26
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub.
Bakıvaxtı.az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
***
09:56
Lənkəranda gənc qadın qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.