Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tibbi aksiya əhalinin sağlamlığının qorunması, xüsusilə azad olunmuş ərazilərə qayıdan ailələrin və uşaqların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədi daşıyıb.
Səyyar müayinələrdə institutun yüksəkixtisaslı həkim heyəti – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər sahə mütəxəssisləri iştirak ediblər.
Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental yoxlamalar həyata keçirilib. Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, ehtiyac yarandığı hallarda uşaqların müvafiq ixtisaslaşmış tibb müəssisələrində müalicə və nəzarətə cəlb olunması üçün tövsiyələr təqdim edilib.
Aksiya çərçivəsində, həmçinin valideynlərlə maarifləndirici söhbətlər aparılıb, uşaqların sağlam inkişafı, düzgün qidalanma, peyvəndləmə, mövsümi xəstəliklərin profilaktikası və sağlam həyat tərzi ilə bağlı ətraflı məlumatlar verilib.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunda, ümumilikdə, 100-ə yaxın uşaq kompleks müayinələrdən keçirilib.
Uşaqlarda ümumi kliniki, antropometrik ölçülər, görmə, eşitmə müayinələri, ürəyin (exokardioqrafiya), qarın boşluğu orqanlarının USM, nevroloji statusun qiymətləndirilməsi aparılıb.
Bakı 













