“Adında “r” hərfi olmayan ayda balıq yeyilməz” deyirlər. Artıq sentyabr başa çatır və qarşıda hələ “r” hərfi olan daha 7 ay var. Və demək, balıq mövsümünün qızğın vaxtıdır.
Bəli, balıq mövsümü başlayıb və bununla da şəhərin balıq bazarlarında hərəkətlilik artıb. Müxtəlif növ balıqların bolluğu, qiymətlərdəki dəyişikliklər və gündəlik tələbatın artması müşahidə olunur.
Bakıvaxtı.az-ın əməkdaşları balıq bazarına baş çəkərək həm satıcılarla, həm də alıcılarla söhbətləşib, bazardakı vəziyyəti yerində öyrəniblər.
Bakının məşhur balıq bazarında gəzərkən tez-tez “Farel təzə gəlib” və ya “Syomka var, endirim edirik” kimi çağırışlar eşidilir.
Satıcı Namiq Allahyarov deyir ki, bazara gələn hər 100 nəfərdən 95-i farel alır:
“Başqa çeşidlərimiz də var. Mingəçevir, Neftçala balıqları satırıq. Çalışırıq bazarı bütün balıqlarla təmin edək ki, gələn əliboş qayıtmasın”.
Satıcı deyir ki, farel balığının qiyməti 8.50-dən 12 manata qədərdir, ölçüsünə görə dəyişir:
“Xaricdən gələn syomkanın kilosu 28-30 manatdır. Beluga isə 30-32 manatdır. Qiymətlər çeşidlərə görə fərqlənir. Hələ havalar çox soyuq deyil deyə alıcılıqda zəiflik var. Amma mövsüm irəlilədikcə artacağını gözləyirik”.
Alıcı Nigar Əsədova isə, özü demiş, bu bazarın daimi müştərilərindəndir. Deyir ki, hər həftə buradan farel alır:
“Qiymət münasibdir, dadı da gözəldir. Uşaqlar xüsusən çay balığını çox sevir”.
Bazarın digər satıcısı Yusif İsmayılov isə qeyd edir ki, balıq mövsümü təzə başladığından, alıcılar hələ az gəlir:
“Amma qiymətlər superdir və müştərinin büdcəsinə uyğun balıq tapmaq mümkündür”.
Onun sözlərinə görə, bazarda ən ucuz balıq 3.50-4 manatdır:
“Onlar balaca balıq olur. Göl balığı da, çay balığı da var. İnsanlar əsasən çay balığına üstünlük verirlər. Bəzən müştərinin büdcəsinə görə endirimlər də edirik”.
Alıcı Vüsal Məmmədhəsənov da satıcının sözlərini təsdiqləyir:
“Satıcılar endirim edir, seçim çoxdur”.
Yusif İsmayılov həm də balığın təzə olub-olmadığını seçməyin yollarını izah edir:
“Balığın gözünə, qulağına baxaraq təzə olub-olmadığını bilmək mümkündür”.
Satıcılardan biri isə deyir ki, bəzən alıcı balığın vannada üzdüyünü görüb soruşur ki, təzədir? (gülür).
“Doğrudanmı, “r” hərfi olmayan ayda balıq yenək olmaz? Satıcıya ünvanladığımız suala ağsaqqal alıcı Mamed Qasımov cavab verir:
-Boş şeydi. Balığı bütün aylarda, bütün fəsillərdə yenək olar. Bu işin əmması odur ki, yayda balıq tez xarab olduğundan tez də zəhərlənmə baş verir. Ona görə də yay aylarında balıq satışı azalır.
Satıcılar güman edirlər ki, qarşıdan gələn soyuq hava ilə birlikdə bazarda canlanma olacaq. Çünki insanlar balığı daha çox qışda alır.
Alıcılar isə ümid edirlər ki, həm qiymətlər münasib qalar, həm də çeşid daha da çoxalar.
Mina Mikayılova
Əli Hüseynov