q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Allergiyası olanlara vacib xəbər - TAM SAĞALMAQ...

CƏMİYYƏT

29 Aprel 2026 | 15:21

Allergiyası olanlara vacib xəbər - TAM SAĞALMAQ...

Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, onu nəzarətdə saxlamaq və simptomları minimuma endirmək mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, allergiya ilə yaşamaq məcburiyyəti düzgün yanaşma deyil:

“Allergiyanı tam yox etmək mümkün olmaya bilər, amma bu, insanın ömür boyu əziyyət çəkməli olduğu anlamına gəlmir. Allergiyanı nəzarətdə saxlamaq, simptomları azaltmaq və allergendən uzaq durmaq mümkündür”.

G. Əliyeva bildirib ki, müalicə həm dərman preparatları, həm də immunoterapiya ilə aparılır:

“Allergen immunoterapiyası bədənin həmin allergenə tədricən uyğunlaşmasını təmin edən effektiv üsuldur. Bu metod nəticəsində bir çox pasiyent 3–5 il ərzində allergik simptomlardan əhəmiyyətli dərəcədə azad ola bilir”.

Pulmonoloq qeyd edib ki, düzgün allergenin müəyyən olunması müalicədə əsas rol oynayır:

“Bəzi hallarda çarpaz reaksiyalar müşahidə olunur. Məsələn, müəyyən ağac tozcuqlarına allergiyası olan şəxslər bəzi meyvə və qidalara da reaksiya verə bilər. Ona görə allergiyanın dəqiq təyin olunması çox vacibdir”.

Onun sözlərinə görə, ev şəraitində görülən tədbirlər də allergiyanın idarə olunmasına kömək edir:

“Evin təmizliyi və havalandırılması düzgün təşkil olunmalıdır. Toz səviyyəsinin yüksək olduğu günlərdə pəncərələrin bağlı saxlanılması tövsiyə olunur”.

G. Əliyeva əlavə edib ki, çöldən evə qayıtdıqdan sonra gigiyena qaydalarına əməl etmək vacibdir:

“Allergiyası olan şəxslər çöldən gəldikdən sonra duş qəbul etməli, geyimlərini dəyişməli və burun boşluğunu yumalıdırlar ki, allergenlər bədəndən uzaqlaşdırılsın”.

Pulmonoloq yataq və ev tekstillərinə də diqqət yetirilməli olduğunu vurğulayıb:

“Yataq örtükləri həftədə ən azı bir dəfə isti suda yuyulmalıdır. Evdə toz yığan qalın xalçaların və divar örtüklərinin azaldılması da allergik reaksiyaların qarşısını almağa kömək edir”.

G. Əliyeva bildirib ki, sadə gündəlik tədbirlər belə allergik simptomların azalmasında mühüm rol oynaya bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR