• Bakı 27° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Alyaska Zirvəsi: Yeni soyuq müharibədən yumşalma dönəminə?

SİYASƏT

15 Avqust 2025 | 15:39

Alyaska Zirvəsi: Yeni soyuq müharibədən yumşalma dönəminə?

Dünya siyasətində gərginlik nöqtələrindən biri olan Alyaska zirvəsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

ABŞ və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək bu görüş, iki ölkə arasında uzun müddətdir davam edən gərgin münasibətlərin yumşaldılması baxımından mühüm əhəmiyyət daşıyır. 2022-ci ildən sonra daha da dərinləşən qarşıdurma fonunda bu zirvə, həm Ukrayna müharibəsinin gedişatına, həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyinə təsir edə biləcək kritik bir platforma kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Alyaska zirvəsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. 2022-ci ildən etibarən Amerika ilə Rusiya, ümumiyyətlə, kollektiv Qərb ilə Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib. Bu gərginlik zaman-zaman “yeni soyuq müharibə”, hətta “üçüncü dünya müharibəsi” kimi ssenarilərin gündəmə gəlməsinə səbəb olur. Nüvə müharibəsi təhlükəsi bütün dünyada qorxu yaradır, sülhə olan inamı azaldır, iqtisadi sistemi gərginləşdirir və Şərqi Avropada Rusiyanın daha geniş əraziləri ələ keçirəcəyi ehtimalları müzakirə olunur.

"Belə bir şəraitdə bu görüşün keçirilməsi, heç olmasa, dünyada dialoq qapılarının açılması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələrin əsas mövzusu, təbii ki, Ukrayna müharibəsi olacaq. Qərb mətbuatı və bəzi diplomatik dairələr iddia edirlər ki, Tramp Ukraynanın müəyyən ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı güzəştə razılaşa bilər. Hələlik rəsmi bir plan olmasa da, bu barədə kuluar söhbətləri mövcuddur. Bundan əlavə, beynəlxalq təhlükəsizlik, Şərqi Avropanın gələcəyi və ABŞ–Rusiya münasibətləri də gündəmdə olacaq",- müsahibimiz əlavə edib.

Kazım Kazımov: Müzakirələrin əsas mövzusu, təbii ki, Ukrayna müharibəsi olacaq

Onun sözlərinə görə, ən əsas məsələ isə Ukrayna müharibəsinin taleyidir. Çünki bu münaqişə sona çatmadan beynəlxalq gündəlikdə digər məsələlərdə irəliləyiş əldə etmək çətindir:

"Bütövlükdə, baş verənləri dünyada “ikinci detent” dönəminə bənzətmək olar. Xatırladaq ki, 1960-cı illər Kuba və Berlin böhranları səbəbindən gərgin keçmiş, lakin 1970-ci illərdə SSRİ və ABŞ arasında yumşalma siyasəti başlamışdı. 2020-ci illərin əvvəlləri də Amerika və Rusiya münasibətlərində kifayət qədər gərgin oldu, bu isə beynəlxalq sistemdə “iplərin daha da gərilməsi”nə gətirib çıxardı. Nəticədə sülhə inam azaldı, iqtisadi və siyasi sabitlik sarsıldı. Məhz buna görə də yeni bir “yumşalma” dövrünə ciddi ehtiyac duyulur".

Əli Hüseynov


SON XƏBƏRLƏR