Azərbaycan Milli Elmlər Akademiyasında yeni şöbə yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli məlumat verib.
Belə ki, Dilçilik İnstitunda Kompüter Dilçiliyi şöbəsinin texniki bazası əsasında Süni İntelekt və Kompüter Dilçilik şöbəsi yaradılıb.
O qeyd edib ki, Şöbənin yaradılması bu gün Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq olunub.
Şöbənin əsas məqsədi Azərbaycan dilinin riyazi-statistik metodlar və kompüterlər vasitəsilə öyrənilməsi, süni intellekt və maşın tərcüməsi problemləri, statistik və elektron lüğətlərin tərtibi məsələləri, klassiklərin və abidələrin dilinin riyazi- statistik metodlarla tədqiqi, təbii dilin emalı, təhlil və sintez alqoritmlərinin tərtibi, korpus dilçiliyi, Azərbaycan dilinin milli korpusunun yaradılması, Azərbaycan dilinin internet məkanında geniş istifadəsinin təmin edilməsi üçün linqvistik-tətbiqi texnologiyaların hazırlanması hesab olunur.