Ötən ilin noyabrında ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampın dünən andiçmə mərasimi keçirildi. ABŞ-də kimin qalib gəlməsi isə təkcə amerikalılar üçün deyil, bir çox digər dövlətlər, o cümlədən Azərbaycan üçün də əhəmiyyətlidir.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ABŞ-nin yeni seçilən prezidenti Donald Trampa ümidlərin böyük olduğunu bildirmişdi. Dövlətimzin başçısı qeyd edib ki, Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan sonra ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırmaq mümkün olacaq.
Xatırladaq ki, Trampın birinci prezidentlik dövründə Azərbaycanla münasibətləri qənaətbəxş olub. Hətta Donald Tramp ilk ABŞ prezidentidir ki, o bu posta 2016-cı ildə seçildikdən sonra İlham Əliyev birbaşa telefonla zəng edərək təbriklərini çatdırıb.
Maraqlıdır ki, Trampın hazırkı prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri necə olacaq? İki ölkənin münasibətlərində hansısa dəyişikliklər gözlənilirmi?
Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın yenidən hakimiyyətə gəlməsi Azərbaycan və ABŞ arasındakı münasibətlərə yenidən istilik gətirmək üçün imkan yaradır.
Onun sözlərinə görə, Trampın keçən hakimiyyəti dövründə Azərbaycanla olan münasibətləri fonunda indiki hakimiyyətinin də iki ölkə üçün uğurlu olacağı ehtimalları böyükdür:
"Azərbaycan prezidenti İlham Əliyev Trampı seçkidən sonra ilk təbrik edənlərdən biri olub.
Trampın budəfəki iddialı gəlişi onu deməyə əsas verir ki, ümumiyyətlə, dünya düzəni üçün böyük dəyişikliklər gözlənilir. Azərbaycan Trampın dövründə özünün ən ciddi problemini həll etdi. Hesab etmək olar ki, indi də eyni münasibətlər mövcud olacaq”.
Müsahibimiz bildirib ki, Trampın əslində Cənubi Qafqaz regionu adlı problemi yoxdur. Amma dolayısı ilə İrana qarşı hərbi əməliyyatlar keçiriləcəyi məsələsi regionda gərginlik yaratmaq gücündədir.
Azər Qasımov: ABŞ-nin Azərbaycanla əməkdaşlıq istəyindən başqa çıxış yolu yoxdur
Politoloqun fikrincə, bütün hallarda Azərbaycanın öz təhlükəsizliyini düzgün şəkildə təmin etməsi fonunda tək region ölkələrinin yox, ABŞ-nin də Azərbaycanla əməkdaşlıq istəyindən başqa çıxış yolu yoxdur.
"Azərbaycan regionun açar ölkəsi olmaqla yanaşı, eyni zamanda real gücüdür. Azərbaycan və ABŞ münasibətlərinin də buna görə inkişaf edəcəyi mütləqdir. Əminik ki, Trampın da fikirləri bu istiqamətdədir", - deyə Azər Qasımov vurğulayıb.
Gülşən Şərif