“Moskvanın Avropaya və balkanlara doğru nüfuzunun artmasının qarşısını almaq, dünyada hegemonluğunu zəiflətmək məqsədilə Rusiya-Ukrayna müharibəsində Kiyevin yanında yer alan kollektiv Qərbdə ABŞ-də hakimiyyət dəyişikliyindən sonra fikir ayrılıqları hökm sürür”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, bunu dərinləşdirən məqam isə Ukraynaya ən böyük dəstəyi verən ABŞ-nin sabiq hökumətinin əksinə yürütdüyü siyasət olduğu üçün müttəfiqlərdə narahatlıqları artırır. Bu baxımdan Rusiyanın Avropaya doğru ehtimal işğal tezislərini gündəmə gətirməklə Ukraynanı müharibəyə təhrik edən Qərb bloku 3 ildir davam edən qanlı savaşı uzatmaqda maraqlı görünür.
Müsahibimiz qeyd edib ki, Avropa liderlərini narahat edən digər məqam isə Donald Trampın onların iştirakı olmadan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna ilə bağlı razılaşmanı kəsmək planı və administrasiyasının transatlantik əlaqələrinə fərqli yanaşmasıdır:
“Avropa liderləri və Volodimir Zelenski isə Ukrayna və Avropa ilə bağlı qərarlar verilərkən müttəfiqlərin də masa arxasında oturmalı olduğunu təkid edir. Bu günlərdə isə Donlad Trampın Volodimir Zelenskini tənqid etməsi ABŞ-nin xarici siyasətində əlamətdar məqam kimi diqqətləri cəlb edir”.
E.Səftərova görə, görünən odur ki, hazırda Tramp administrasiyasının yeni baxışı Avropadakı reallığa cavab vermir. Amerika liderinin Ukraynaya yanaşmasını Zelenski diktə edilmiş sülh kimi qiymətləndirsə də, ABŞ tərəfi Kiyevin danışıqlarda iştirakını istisna etmir:
“ABŞ Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünün real olmaması barədə yanaşması Kiyevin və Avropanın maraqlarına cavab vermir. ABŞ-nin bu cür ritorikası isə Avropa dövlətlərinin təhlükəsizliklə bağlı qayğılarını artırır və Ukraynaya maliyyə və hərbi məsuliyyətlərini gündəmə gətirir. Donald Tramp bu cür siyasət xəttini davam etdirərsə, Avropa dövlətləri son illərdə Kiyevə xərclərini rekord həddə çatdıracaqlar.
ABŞ-Rusiya münasibətlərindəkı normallaşma səylərinə görə, Avropa ABŞ-ni haqlı olaraq etibarsız tərəfdaş obrazında təqdim edir. Çünki Avropanın əsas qorxusu Rusiyanın təcavüzüdür ki, Vaşinqton onilliklər ərzində NATO vasitəsilə Avropanın təhlükəsizliyinin təminatçısı olub. Ənənənin davam etdirilməsi üçün isə Tramp Avropanın Ukraynanın təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını tələb edir. İstənilən halda Tramp administrasiyası son üç ildə ABŞ-nin Ukrayna siyasətini və 1949-cu ildən bəri mövcud olan transatlantik alyansın dinamikasını dəyişdirəcək təkliflər irəli sürdükdən sonra Avropa liderləri alternativlər axtarışına çıxıb.
Bu yaxınlarda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin "Avropada müdafiədə artıma ehtiyacımız var" deməsi bir növ Trampın diktəsi kimi də qəbul edilə bilər. Bunu, həmçinin Avropanın Ukraynanın təhlükəsizliyin təmin edilməsində birinci yeri tutmasını istəməsi kimi də dəyərləndirmək mümkündür”.
Elmir Səftərov: Tramp Ukrayna müharibəsində tez bir zamanda həllə nail ola bilməsə, o zaman...
Siyasi şərhçi bildirib ki, Trampın Ukraynaya qarşı fərqli münasibəti ABŞ-nin müharibənin ortasında tərəfini dəyişdirdiyi üçün, sadəcə, əlamətdar bir addım deyil:
“Bu, Trampın ABŞ xarici siyasətinin qəribə və gözlənilməz dəyişiminin bir nümunəsidir, çünki Amerika demokratiyanı müdafiə etmək və sabitliyi təmin etmək üçün qurduğu sistemindən imtina edən strategiya irəli sürür”.
Həmsöhbətimiz hesab edir ki, buna baxmayaraq, əgər Tramp ABŞ maraqlarını təmin etməklə Ukrayna müharibəsində tez bir zamanda həllə nail ola bilməsə, o, Ukraynaya dəstəyini artıra bilər. Tramp administrasiyası barışıq əldə etməyə məcbur etsə belə, Ukrayna çox güman ki, ABŞ-nin dəstəyi olmadan da mübarizəni davam etdirəcək. Bunu Zelenski davam edən ABŞ-Rusiya görüşlərində güzəştlərə getməkdən daha yaxşı seçim kimi xarakterizə edir:
“Donald Tramp administrasiyası isə Rusiya-Çin əməkdaşlığı fonunda ABŞ-nin maraqları üçün daha aktual təhlükə kimi gördüyü məsələlərə - Çinlə rəqabətə daha çox diqqət yetirmək istəyir”.
Murad Məmmədli