Güclü maqnit qasırğası gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.
Məlumata görə, hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 - 10 dekabr tarixlərində M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.
Qeyd olunub ki, dekabrın 8-də dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.
Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olub. Bu hal dekabrın 6-da baş vermiş tac kültə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.
Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.
Maqnit qasırğası səhhətimizə hansı təsirləri göstərə bilər? Fəsadlardan necə qoruna bilərik?
Mövzu ilə bağlı həkim-terapevt Vəfa Əhmədova Bakıvaxtı.az-a deyib ki, maqnit qasırğasının fəsadlarından qorunmaq üçün yalnız evdə oturub çölə çıxmamaq lazımdır:
"Bununla yanaşı, xüsusilə risk qrupunda olan insanlar öz sağlamlıq vəziyyətlərinə daha həssas yanaşmalıdırlar. Təzyiqi olanlar təzyiqi normal səviyyədə saxlamağa çalışmalı, qan dövranında hər hansı dəyişiklik hiss etdikdə ölçməni təkrarlamalıdırlar. Ürək xəstələri isə ürək döyüntülərini diqqətlə izləməli, narahatlıq, ağrı və ya ritm dəyişikliyi olarsa həkimlə məsləhətləşməlidirlər”.
Dediyinə görə, bundan əlavə, hər iki qrup üçün dərmanların vaxtında və düzgün qəbulu vacibdir. Belə hallarda həkimin təyin etdiyi rejimə əməl etmək və özünü yükləməmək daha təhlükəsiz sayılır".
Aynur Babazadə
Bakı 



