Bayram tətili bitsə də, əksəriyyət hələ də işə adaptasiya olmaqda çətinlik çəkir. Xüsusən də bayramdan sonra müşahidə olunan yuxusuzluq və baş ağrıları insanların işləməsinə mane törədir.
Bu vəziyyət yalnız bayram günlərində deyil, bir neçə günlük mövcud olan qeyri-iş günlərindən sonra da müşahidə olunur.
Maraqlıdır ki, insanların işə asanlıqla adaptasiya olması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı psixoloq İlahə Dadaşova öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, insanların rahatlığa tez öyrəşməsi bayram günlərindən sonra işə başlamaq üçün müəyyən çətinlik yaradır:
"Bayram günlərindən sonra insanlar işə qayıtmaq istəmirlər. Çünki insan rahatlığa daha tez adaptasiya olur. İş isə insanın beynində problem həll etmək deməkdir. Ona görə də insanlar işə daha gec adaptasiya olurlar. Halbuki insanlar bayramın müvəqqəti xarakter daşıdığını bilirlər. Əsas problem ondan ibarətdir ki, insanlar işə gedəndə daha erkən saatda yuxudan dururlar. Tətil günlərində isə insanlar əsasən saat 10-11 radələrində yuxudan oyanırlar. Əslində rejim pozulmasa, iş mühitinə alışmaq daha rahat olur".

İlahə Dadaşova, psixoloq
Psixoloqun fikrincə, işə gedən insanın gündəlik yuxu rejiminin və qidalanmasının tətil günlərində də eyni qalması məqsədəuyğundur.
"Bundan başqa, bayram günlərində də zehni fəaliyyətlə məşğul olmaq, kitab oxumaq daha yaxşı olar. Bunu iş fəaliyyəti kimi yerinə yetirmək lazım deyil. Sadəcə bir məşğuliyyət kimi zehnin aktiv qalmasına kömək edir və bu zaman işə adaptasiya olmaqda çətinlik yaşanmır", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif
Bakı 




