Uşaqların küçələrdə satıcılıq və ya digər iş fəaliyyətlərinə cəlb olunması günümüzdə ciddi sosial problemlərdən biridir.
Bu vəziyyət həm onların təhsil imkanlarını məhdudlaşdırır, həm də fiziki və psixoloji sağlamlıqlarına mənfi təsir göstərir. Eyni zamanda, uşaqların erkən yaşda əmək bazarına cəlb olunması onların gələcək inkişafına, sosial bacarıqlarına və cəmiyyətə inteqrasiyasına zərər verə bilər.
Bu problemin həlli yalnız cəza və nəzarət tədbirləri ilə mümkün deyil; həm sosial, həm də hüquqi tədbirlərin birgə tətbiqi vacibdir.
Təhsil imkanlarının genişləndirilməsi, sosial dəstək proqramlarının təşkili və uşaqların ailələrinə yönəldilmiş yardım proqramları onların küçə işlərinə cəlb olunmasının qarşısını almaqda effektiv vasitələrdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, uşaq əməyinin istismarı hələ də cəmiyyətimizdə ciddi problem olaraq qalır və bu sahədə davamlı tədbirlərin görülməsi zəruridir:
"Aparılan monitorinqlər göstərir ki, bəzi uşaqlar ağır fiziki iş şəraitində çalışdırılır, bəzən gecələr zirzəmilərdə qalmaq məcburiyyətində olurlar və bunun nəticəsində onlar həm fiziki, həm də psixoloji cəhətdən zərər görürlər. Bu cür hallara qarşı mübarizə sadəcə kampaniya xarakterli tədbirlərlə həll edilə bilməz. Məsələni sistemli və davamlı şəkildə izləmək, reydlər və monitorinqləri planlı şəkildə həyata keçirmək vacibdir".

Üzeyir Şəfiyev: Onlar cəmiyyətin gələcək nəsli, ölkəmizin inkişafının əsas dayağıdır
Həmsöhbətimizin sözlərinə görə, uşaqların hüquqlarının qorunması yalnız onların fiziki sağlamlığı üçün deyil, həm də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir:
"Onlar cəmiyyətin gələcək nəsli, ölkəmizin inkişafının əsas dayağıdır. Əgər bu problemlərə diqqət yetirilməzsə, uşaqlar kinli və incik bir nəsil kimi böyüyə bilər. Buna görə də bu sahədə fəaliyyət yalnız dövlət qurumlarının yox, həm də qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə həyata keçirilməlidir".
O qeyd edib ki, məktəblərdə uşaqların fəaliyyətinə nəzarət mexanizmləri qurulmalı, onların hərəkət qrafiki və iş rejimi müəyyən edilməli, müvafiq monitorinqlər sistemli şəkildə aparılmalıdır:
"Bu sahədə Heydər Əliyev Fondunun RİİB Birliyi və Sosial Xidmətlər Birliyinin birgə həyata keçirdiyi layihələr nümunə ola bilər. Belə layihələr yalnız qısa müddətli deyil, ardıcıl və dayanıqlı olmalıdır ki, uşaqların sağlamlığı və hüquqları daimi şəkildə qorunsun".
Sonda Üzeyir Şəfiyev vurğulayıb ki, uşaq əməyinin qarşısının alınması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi üçün bütün cəmiyyətin, xüsusilə dövlət qurumlarının, məktəblərin və QHT-lərin birgə səyləri vacibdir. Gələcəyimiz olan uşaqlara sahib çıxmaq hər birimizin məsuliyyətidir.
Əli Hüseynov
Bakı 




