Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya uşaqların atası Kamil Cəbrayılov məlumat verib.
9 uşaq atası olan 39 yaşlı Kamil bildirib ki, bu xəbəri eşidib işdən evə gələndə özü də qəzaya düşüb: “Aprelin 1-də hadisə olub. Qonşu zəng edib bu xəbəri yanlış formada vermişdi. Mənə demişdi ki, 6 uşaq ölüb. Mən də qışqıra-qışqıra, həyəcanla evə gələndə qəzaya düşdüm. Qəza nəticəsində motosikletin təkərləri yararsız hala düşdü. Evdə də tək işləyən mənəm. Uşaqlarımdan böyüyünün 16 yaşı var, ən kiçiyi isə 6 aylıqdır. Bu gün uşaqlarımı yenidən xəstəxanaya gətirdik. Çünki evdə vəziyyətləri yaxşı deyildi. Heç nə yeyə bilmirlər”.
Ata qeyd edib ki, hər bir uşağa görə 140 manat məbləğində uşaqpulu alırlar. Yəni ümumilikdə ailə əsasən bu ödənişdən faydalanır. Aldıqları pulla evlərinin aylıq kredit ödənişini edirlər. Lakin bundan başqa heç bir sosial yardım verilmir. Bunun səbəbi isə ailənin adına pay torpaqlarının olmasıdır.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, bu gün saat 15:00 radələrində mərkəzin nəzdində olan Uşaq Xəstəxanasına 6 uşaq (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub.
“Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir”.
Bakı 





