Azərbaycan Güləş Federasiyasında iki istefa baş tutub.
Bakıvaxtı.az “Qafqazinfo”ya isitnadən xəbər verir ki, baş katibin müavini Orxan Məmmədov qurumdan göndərilib.
Bundan başqa Azərbaycan çempionatlarının təşkilati işlərinin rəhbəri Namiq Qurbanov da vəzifəsindən ayrılıb.
Məlumatları federasiyadan saytımıza təsdiq ediblər.
Əslində, onların, xüsusən də Orxan Məmmədovun AGF-dən göndərilməsi qurumda aparılan islahatların nəticəsidir. Azərbaycan güləş federasiyasına baş katib təyin olunan Pərvin Piriyev məhz araşdırdıqdan sonra O.Məmmədovu istefaya göndərib.
Azərbaycan güləşinin ən uğursuz dövrləri də məhz onun baş katib olduğu illərə təsadüf edib. Məhz O.Məmmədovun zamanında Azərbaycan güləşi enişə başladı. Federasiyada çalışan bir çox məşqçilərlə isə problemlər yaşayırdı, onları komandalardan göndərirdi. Maraqlıdır ki, onun zamanından bir neçə idmançı da karyerasını başa vurmuşdu.
Onunla bağlı maraqlı iddia isə 2020-ci il Tokio Yay Olimpiya Oyunları zamanı federasiya rəsmisi olmasına baxmayaraq özünü Mariya Stadnikin şəxsi məşqçisi olaraq qeyd etməsi idi. Məhz mükafatlara sahib çıxmaq üçün O.Məmmədov Stadnikin şəxsi məşqçisi olaraq qeydiyyata düşmüşdü.
Bununla bağlı milli komandanın baş məşqçisi Aslan Ağayev də 2021-ci ildə, Olimpiadadan öncə açıqlama vermişdi. O bildirmişdi ki, Mariya Stadnikin şəxsi məşqçisi Orxan Məmmədovdur. Lakin həmin vaxt o, baş katib vəzifəsini tuturdu.
Daha bir problem isə Azərbaycan yığmasına başçılıq etdiyi dövrdə ölkəmizə Olimpiya medalları qazandıran Firdovsi Umudovla bağlı idi. O, baş katib təyin olunduqdan sonra məhz F.Umudovu güləşdən uzaqlaşdırmağa çalışırdı. Komandamızın rəhbərliyi altında ən uğurlu dövrünü yaşadığı məşqçini əvvəlcə komandadan, daha sonra federasiyadan uzaqlaşdırmağa nail oldu. Namiq Abdullayev millimizə baş məşqçi təyin edilərkən vitse-prezident olan Firdovsi Umudovun da iclasa çağırılmaması müəmmalı olaraq qalmışdı və səbəbi müəyyənləşdirilməmişdi.
Daha sonra Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına rəhbər təyin olunduqdan sonra Nəsimi Musayev baş katib təyin edilmişdi və O.Məmmədov vəzifəsindən kənarlaşdırılmışdı. Buna baxmayaraq o federasiyadan birdəfəlik göndərilməmişdi. Baş katibin müavini olaraq da fəaliyyətini davam etdirirdi. Lakin müavin olarkən də federasiyada problemlər səngimək bilmirdi.
Ötən ilin sentyabrında isə Pərvin Piriyev Azərbaycan Güləş Federasiyasına baş katib təyin olundu. Onun gəlişindən sonra isə güləşdə müəyyən dirçəlmə baş verdi. Məhz bundan sonra Orxan Məmmədovun əməlləri araşdırılmağa başlayıb və o, federasiyadan uzaqalşdırılıb.
Maraqlıdır ki, Orxan Məmmədov baş katib olduğu dövrdə mətbuata da qapalı adam idi. O, ümumiyyətlə güləşin vəziyyəti ilə bağlı heç bir suala cavab vermir və media nümayəndələrindən qaçırdı.
Bakı 






