• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Ölkədə tamaşaçı rekordu qırıldı

İDMAN

04 Aprel 2026 | 00:04

Ölkədə tamaşaçı rekordu qırıldı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşü 21 min tamaşaçı izləyib.

Bu göstərici PFL-in bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026 mövsümünün deyil, son 10 mövsümün mütləq rekordudur. Belə ki, bundan daha çox tamaşaçı sonuncu dəfə 2015/2016 mövsümündə, "Qarabağ" və "Neftçi" arasındakı kubokun finalında - 23 min izləyici ilə qeydə alınmışdı. Həmin görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.

Bu matç PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər tarixində ümumi siyahıda 5-ci pilləyə yüksəlib. Lakin yuxarı pillələrdə yer alan digər 4 oyunun hamısı kubokun final görüşləri olub. Bu isə o deməkdir ki, "Qarabağ" - "Sabah" oyunu hər hansı bir komandanın birbaşa ev sahibliyi etdiyi matçlar arasında Premyer Liqada ən çox tamaşaçı toplayan görüş kimi tarixə düşüb. Bundan əvvəlki rekord 2016-cı il fevralın 14-də Gəncədə keçirilən və "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə bitən "Kəpəz" - "Qarabağ" oyununa məxsus idi - 20 min 400 tamaşaçı.

Ümumilikdə isə bir komandanın ev oyununa daha çox tamaşaçı toplaması faktına sonuncu dəfə 19 mövsüm əvvəl - 2006/2007 mövsümündəki "Neftçi" - "Xəzər Lənkəran" görüşündə rast gəlinib ki, həmin vaxt 25 min nəfər qeydə alınmışdı.

Xatırladaq ki, bu qarşılaşmayadək cari mövsümün rekordu yenə eyni komandaların martın 1-də keçirilən 3:3 hesablı çempionat matçına məxsus idi. Həmin vaxt stadionda 10 min 361 tamaşaçı var idi. Beləliklə, bugünkü oyunla mövsümün rekordu iki dəfədən çox yenilənib.


SON XƏBƏRLƏR

03 Aprel 2026