Meksikanın Sinaloa ştatında narkotik kartelinin lideri Fausto İsidro Mesa Floresin (“El Çapo İsidro”) saxlanılması zamanı dörd hərbçi həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində Flores, iki qohumu, müavini German və maliyyə operatoru Xose saxlanılıb. Onlar hərbi hava qüvvələrinin təyyarəsi ilə Mexiko şəhərinə aparılaraq Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi Prokurorluğa təhvil veriliblər.
Noyabrın 21-nə keçən gecə Sinaloa ştatının Quasave bələdiyyəsində keçirilən əməliyyat zamanı yeddi silahlı şəxs öldürülüb, səkkiz şübhəli saxlanılıb. Əməliyyat zamanı müxtəlif növ silahlar da müsadirə edilib.
Məlumata əsasən, qarşıdurma zamanı Meksika Ordusunun dörd piyada əsgəri həyatını itirib.
“El Çapo İsidro” on ildən artıqdır axtarışda olub və ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan 10 şəxsinin siyahısına daxil edilib. O, ABŞ-da narkotik və silah qaçaqmalçılığında ittiham olunur. Onun tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat vəd edilmişdi.
Qeyd edək ki, həbsdən bir gün əvvəl Quasave şəhərində təhlükəsizlik qüvvələri ilə narkotik kartelinin üzvləri arasında bir neçə silahlı toqquşma baş verib. Hadisə zamanı yerli stadionda keçirilən beysbol oyunu da dayandırılıb. Atəş səslərindən təşvişə düşən tamaşaçılar idman kompleksinin ərazisində gizlənməyə məcbur olublar.
Murad İsmayıl
















