"Bulgari" brendini yüksək moda dünyasına çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "La Repubblica" qəzeti yayıb.
Brendin əsasını Paolo Bulqarinin babası, yunan mühacir Sotirio qoyub. O, 1894-cü ildə Sistina küçəsində ilk gümüş məmulatları mağazasını açıb. Yalnız 11 il sonra İspaniya meydanının yaxınlığındakı Kondotti küçəsində bu günə qədər fəaliyyət göstərən tarixi mağaza açılıb.
Paolo şirkəti atası ilə birlikdə onu beynəlxalq səviyyəyə çıxaran əmisi Kostantinodan miras alıb.
Brendin ən parlaq dövrü 1960-1970-ci illərə təsadüf edib. Həmin vaxt onun müştəriləri arasında kino ulduzları da olub.
Şirkət 2011-ci ilə qədər ailə biznesi olaraq qalıb. Həmin il Fransanın LVMH konsorsiumuna satılıb.
















