Kult komediya olan "Evdə tək" filminin yeni hissəsində Kevin Makkallister obrazı 36 ildən sonra ekrana qayıdır, lakin bu dəfə evdəki tələlər məhz onun özünə qarşı qurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, məşhur aktyor Makoley Kalkin əfsanəvi qəhrəmanı yenidən canlandıracaq. "Disney" və "20th Century Studios" davam filminin hazırlanmasına başlayıb və layihənin ideyası birbaşa aktyorun özünə məxsusdur. Süjetə əsasən, böyümüş Kevin artıq öz övladını böyüdür, çox çalışır və ona yetərincə vaxt ayıra bilmir. Bir gün ata öz evinin qapısı arxasında qalır, oğlu isə onu içəri buraxmağa tələsmir və əvəzində tələlər qurmağa başlayır.
Qeyd edək ki, layihə üzərində ssenarist və prodüser kimi Set Rogen və Evan Qoldberq "Point Grey" şirkəti vasitəsilə Kalkinlə birlikdə çalışırlar.
1990-cı ildə ekranlara çıxan orijinal "Evdə tək" filmi dünya prokatında 470 milyon dollardan çox gəlir toplayaraq kino tarixinin ən sevilən Yeni il komediyalarından birinə çevrilib, Kalkin isə 1992-ci ildə "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmindən sonra françayzın sonrakı bölümlərində rol almayıb.
















