Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Bizi Yaşadan Qəhrəmanlar” layihəsi həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə bir sıra gənc 44 günlük Vətən Müharibəsində iştirak edən qazilərlə, eyni zamanda Füzuli şəhəri uğrunda döyüşlər zamanı şəhid olan Amal Qarayevin atası ilə görüşüblər.
Görüş çərçivəsində şəhidin atası Ədalət Qarayev gənclərlə bir araya gələrək onlara oğlunun şücaətindən, o cümlədən şəhidin döyüş hekayəsindən bəhs edib.
Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri və 44 günlük Vətən müharibəsi qazisi Qismət Əliyev gənclərlə söhbətində döyüş xatirələrini danışıb, eyni zamanda onlara vətənpərvərlik ruhunu aşılayıb.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Vətən müharibəsi qazısı Bəhruz Məmmədzadə gənclərlə həmsöhbəti zamanı müharibənin çətinlikləri, vurduğu ziyanlar barədə məlumat verib. O həmçinin gənclərə daim sülh şəraitində, firavan yaşamağı arzulayıb.
Görüşdə 34 saylı məktəbin Azərbaycan və ədəbiyyatı müəllimi Sevil Əlizadə çıxış edərək vətənpərvərlik hislərinin məktəblərdə düzgün formada aşılanması barədə danışıb. O, şagirdlərə bu istiqamətdə yalnız doğru informasiyaların ötürülməsinin vacibliyini vurğulayıb.
Tədbir zamanı çıxış edən Medialive.az informasiya portalının rəhbəri Mikayıl Mirzəzadə əlavə edib ki, Azərbaycan cəmiyyəti həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonra dezinformasiya və “deepfake”lərin qurbanına çevrilmişdi. Onun sözlərinə görə, məktəblərdə və ali təhsil müəssisələrində bu istiqamətdə obyektiv təbliğat aparılmalıdır. Şagirdlər və tələbələr düşmənlərin saxta məlumatlarını oxumamalı və yayımlamamalıdırlar. Jurnalist qeyd edib ki, bu qəbildən olan informasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır və müəllimlər, valideynlər azyaşlılara xüsusi diqqət yetirməlidirlər.
Tədbirdə media nümayəndələri də iştirak edib.
Görüşün sonunda gənclərin sualları cavablandırılıb. Fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Bakı 




