• Bakı 10° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Dohadan gələn mesaj: Azərbaycan sülhü xalqlar səviyyəsinə daşıyır

SİYASƏT

08 Dekabr 2025 | 17:22

Dohadan gələn mesaj: Azərbaycan sülhü xalqlar səviyyəsinə daşıyır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dohada səsləndirdiyi fikirlər Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə keçdiyini göstərir.

Onun “xalqlarımızı sülhə hazırlamalıyıq” ifadəsi rəsmi Bakının sülhü yalnız siyasi razılaşma kimi deyil, dərin sosial və psixoloji transformasiya tələb edən proses kimi gördüyünü aydın şəkildə ortaya qoyur. Azərbaycan tərəfi artıq uzun müddətdir ki, münaqişənin bitdiyini bəyan edir və regionda yeni təhlükəsizlik fəlsəfəsinin formalaşmasını vacib sayır. Hacıyevin çıxışı da məhz bu yanaşmanı beynəlxalq auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Prezidentin köməkçisi hökumətlər arasında etimadın formalaşmağa başlamasını müsbət təməl adlandırsa da, sülhün gələcək nəsillər üçün davamlı olması üçün bunun kifayət etmədiyini vurğulayır. O, xüsusilə xalqlar arasında qarşılıqlı inamın qurulmasının prioritet olduğunu bildirir. Bu, həm də Ermənistanda sülh prosesinə müqavimət göstərən radikal qüvvələrə dolayı bir mesajdır. Hacıyev diqqətə çatdırır ki, sülh yalnız cəmiyyətlər arasında düşmənçiliyin azalması ilə möhkəmlənə bilər və Azərbaycan bu istiqamətdə fəal iş aparır.

Hikmət Hacıyevin “biz sülhü təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə imzalamaq istəyirik” fikri regionun gələcək siyasi arxitekturası üçün mühüm strateji yanaşmadır. Bu mesaj onu göstərir ki, Bakı sülhü yalnız cari siyasi gündəmin predmeti kimi deyil, uzunmüddətli regional sabitlik layihəsi kimi nəzərdən keçirir. Xalqları prosesə cəlb etmədən dayanıqlı təhlükəsizlik modelinin mümkün olmayacağı aydındır. Bu baxımdan Azərbaycanın sülh fəlsəfəsi təkcə sənəd imzalamağı deyil, bölgənin gələcəyini yenidən dizayn etməyi hədəfləyir.

Doha Forumundan gələn mesajlar bir daha sübut edir ki, Azərbaycan sülh prosesində təşəbbüskar mövqedədir və regionda yeni siyasət mədəniyyəti formalaşdırmağa çalışır. Hacıyev həm iqtisadi faydaların, həm etimad quruculuğu tədbirlərinin, həm də Vaşinqton razılaşmasının icrası ilə bağlı atılan addımların vacibliyini vurğulayaraq Azərbaycanın konstruktiv xəttini təsdiqlədi.

Bu yanaşma Cənubi Qafqaz üçün yeni təhlükəsizlik modelinin əsasını təşkil edə bilər və regionun gələcək nəsillər üçün daha sabit, daha proqnozlaşdırıla bilən məkana çevrilməsi üçün mühüm şans yaradır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR