• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Uzaqda düyünlənən talelər: Qəzzada atəşkəs zəif ipin asılqanında 

SİYASƏT

07 Yanvar 2026 | 14:34

Uzaqda düyünlənən talelər: Qəzzada atəşkəs zəif ipin asılqanında 

Bəzən dünya xəbərlərin və statistikaların arxasında unudulmuş bir labirint kimi görünür.

İnsanlar səhərlər çayını içərkən, uşaq bağçalarına doğru tələsərkən, heç fərqində olmadan uzaqda baş verən savaşın dalğalarını yaşayırlar. Binalar dağılır, küçələr səssizliyə bürünür, minlərlə həyat bir anda dəyişir və buna baxmayaraq, günəş hər gün eyni üfüqdən doğur, insanlar yenidən ümid axtarır.

İsrail və Qəzza arasındakı atəşkəs bu xaosun içində bir zərif balans nöqtəsi kimidir: hər tərəfdən diqqətlə toxunmalı, hər addımında riskləri hesablamalı bir ip üstündə gəzən sima. Dünyanın siyasi xəritəsində görünməyən bu ip insan taleləri ilə hörülüb və hər bir sarsıntıda regional və beynəlxalq gücün necə dəyişdiyini açıq şəkildə göstərir.

ABŞ-nin vasitəçi mövqeyi real və davamlı atəşkəs üçün yetərlidirmi? Münaqişə uzunmüddətli regional təhlükəsizlik arxitekturasını necə dəyişə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, İsrail-Qəzza münaqişəsində atəşkəs əldə olunması və Yaxın Şərq regionunda güc balansının dəyişməsi XXI əsrin ən mühüm geosiyasi proseslərindən biridir:

"ABŞ-nin, Qətərin və Misirin vasitəçiliyi ilə əldə olunan üç mərhələli atəşkəs sazişi iki illik dağıdıcı müharibəyə qismən son qoysa da, dayanıqlı sülhün əldə edilməsi hələ də çox uzaq məqsəd olaraq görünür. Rəsmi Vaşinqtonun vasitəçi mövqeyi konkret nəticələr versə də, regional dinamikanın mürəkkəbliyi və tərəflərin fundamental fərqləri uzunmüddətli sülhə şübhə yaradır. Prezident Donald Trampın administrasiyası atəşkəsi əldə etməkdə müəyyən uğur qazansa da, razılaşmanın ikinci və üçüncü mərhələlərinin həyata keçirilməsi ciddi çətinliklərlə üzləşir və bu prosesdə ABŞ-nin real təsir imkanları məhdud qalır".

O xatırladıb ki, atəşkəs sazişi üç əsas mərhələdən ibarətdir və ikinci mərhələdə gənc kişi girovların azad edilməsi və müharibənin tam dayandırılması, üçüncü mərhələdə isə İsrail qoşunlarının tam şəkildə Qəzadan çıxması planlaşdırılır:

"Lakin praktikada bu proseslər nəzərdə tutulduğu kimi inkişaf etmir və tərəflər arasında etibarın olmaması atəşkəsin pozulması riskini daim yüksək saxlayır. Mart ayında İsrail atəşkəsi pozaraq Qəzaya hava zərbələri endirdi və bu, sazişin zərifliyini bir daha göstərdi. Qahirədə yaradılmış yoxlama mexanizmi İsrail, Hamas və vasitəçi ölkələrin nümayəndələrindən ibarətdir, ancaq bu mexanizmin real icra gücü məhdud qalır və tərəfləri konkret öhdəlikləri yerinə yetirməyə məcbur edə bilmir".

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ-nin vasitəçi mövqeyi ənənəvi olaraq Yaxın Şərq sülh proseslərində mərkəzi rol oynayıb, ancaq hazırkı şəraitdə Vaşinqtonun təsiri bir sıra səbəblərdən zəifləyib:

"Birincisi, Tramp administrasiyası özünün "Amerika əvvəl" siyasətini açıq şəkildə ifadə edir və regiondan tam çəkilməsə də, əvvəlki kimi böyük hərbi və diplomatik resurslar ayırmaq istəmir.

İkincisi, ABŞ-nin regiondakı etibarlılığı son illərdə azalıb və əksər ərəb ölkələri Vaşinqtonun vasitəçiliyinə şübhə ilə yanaşır.

Üçüncüsü, Tramp administrasiyası İsrailin təhlükəsizliyini əsas prioritet hesab edir və bəzi analitiklər bunun balanslaşdırılmış vasitəçilik üçün maneə yaratdığını qeyd edirlər.

Dördüncüsü, ABŞ ikinci mərhələnin həyata keçirilməsində İsrailin tərəddüdləri qarşısında əvvəlki öhdəliklərindən geri çəkildi və bu, Vaşinqtonun zəmanətlərinə olan inamı ciddi şəkildə sarsıtdı".

Tural İsmayılov: Türkiyə regionda daha aktiv rol oynamağa başlayır

Tural İsmayılov onu da qeyd edib ki, regional təhlükəsizlik arxitekturası baxımından münaqişə fundamental dəyişikliklər yaradır. İranın "Müqavimət Oxu" modeli son iki ildə ciddi zərbələr alıb – HƏMAS-ın hərbi gücü əhəmiyyətli dərəcədə zəifləyib, “Hizbullah”ın rəhbərliyi məhv edilib, Suriyadakı Əsəd rejiminin süqutu İran üçün mühüm tranzit yolunu bağlayıb və İrana qarşı ABŞ və İsrail tərəfindən hərbi əməliyyatlar Tehranın nüvə infrastrukturuna zərbə vurub.

"Bu şəraitdə İran ənənəvi hücum strategiyasından daha çox müdafiə strategiyasına keçir və regiondakı vəkil qruplar üzərində əvvəlki nəzarətini itirməkdədir. Digər tərəfdən, İsrail özünün şəbəkə mərkəzli təhlükəsizlik arxitekturasını gücləndirərək regional hegemonluq iddialarını artırır və bu proses İbrahim razılaşmaları çərçivəsində ərəb dövlətləri ilə təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Türkiyə regionda daha aktiv rol oynamağa başlayır və Körfəz ölkələri - xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ - strateji muxtariyyətlərini artırmaq istəyirlər",- müsahibimiz deyib.

Onun sözlərinə görə, uzunmüddətli baxımdan dayanıqlı regional təhlükəsizlik arxitekturasının formalaşması üçün bir neçə əsas şərt yerinə yetirilməlidir:

"Birincisi, Fələstin məsələsinin ədalətli həlli və Fələstin dövlətinin tanınması regionda sabitlik üçün mərkəzi məsələ olaraq qalır və bu məsələ həll olunmadan uzunmüddətli sülh mümkün deyil.

İkincisi, regional təhlükəsizlik strukturlarının yaradılması vacibdir - Yaxın Şərqdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi daimi çoxtərəfli institutlar mövcud deyil və hər münaqişə üçün ad hoc strukturlar yaradılmalıdır.

Üçüncüsü, beynəlxalq hüquq normalarının ciddi şəkildə icra edilməsi və məsuliyyətin müəyyənləşdirilməsi lazımdır. Dördüncüsü, humanitar fəlakət və yenidən qurma məsələləri həll olunmalıdır - Qəzada iki milyon insan köçkünlük, aclıq və infrastrukturun dağılması ilə üzləşir və bu şəraitdə sülhün konsolidasiyası mümkün deyil".

Mütəxəssis onu da əlavə edib ki, regional güc balansının dəyişməsi uzunmüddətli təhlükəsizlik arxitekturasını əhəmiyyətli dərəcədə təsirləyir. Yeni regional nizam ABŞ-ın dəstəyi ilə İsrail, Türkiyə və Körfəz dövlətləri ətrafında formalaşır. Səudiyyə Ərəbistanının İsraillə normallaşma planı Fələstin məsələsinin həlli olmadan həyata keçməyəcək və ərəb ictimai rəyi normallaşmaya ciddi müqavimət göstərir. Nəticə etibarilə, İsrail-Qəza atəşkəsi regional dinamikanın dəyişməsində mühüm addım olsa da, real və dayanıqlı sülh üçün fundamental məsələlərin həlli tələb olunur və ABŞ-nin vasitəçi mövqeyi tək başına buna kifayət etmir.

Əli Hüseynov


SON XƏBƏRLƏR