• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

NATO-nun nüfuzu zəifləyir, Şərqi Avropa yeni seçimlər qarşısında qalır - ŞƏRH

SİYASƏT

08 Yanvar 2026 | 14:01

NATO-nun nüfuzu zəifləyir, Şərqi Avropa yeni seçimlər qarşısında qalır - ŞƏRH

Serbiyanın Avropa İttifaqı ilə münasibətlərində müşahidə olunan soyuqluq və eyni zamanda Moskva ilə siyasi əlaqələri Balkanlarda geosiyasi balansın dəyişə biləcəyi ehtimallarını gücləndirir. Belqradın Brüssel və Moskva arasında qalması regionun gələcək siyasi xətti ilə bağlı sualları aktuallaşdırır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildiirb ki, İkinci Dünya müharibəsindən sonra BMT və NATO-nun yaradılması ilə Sovetlər İttifaqı ilə Qərb arasında soyuq müharibə mərhələsi başladı və bu qarşıdurma Qərbin qələbəsi ilə nəticələndi. 1991-ci ildə Sovetlər İttifaqının süqutundan sonra isə NATO-nun ləğv ediləcəyi gözlənilsə də, əks proses baş verdi və alyans Şərqi Avropaya doğru genişlənməyə başladı.

Politoloqun sözlərinə görə, bu genişlənmə NATO-nun yalnız Sovetlər İttifaqına qarşı yaradılmadığını, sonradan daha geniş və yeni missiyalar müəyyən etdiyini göstərdi. Xüsusilə Ukrayna, Gürcüstan və Moldova istiqamətində atılan addımlar Rusiyanın ciddi etirazına səbəb oldu. Rusiya bu prosesi öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir və Ukraynanın NATO-ya yaxınlaşmasının Rusiyanın parçalanması ilə nəticələnə biləcəyini düşünür:

"Bu səbəbdən Rusiya 2014-cü ildə Krımı işğal etməklə, 2022-ci ildə isə Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaqla NATO-nun genişlənməsinin qarşısını almağa çalışdı. Hazırda NATO daxilində ciddi fikir ayrılıqları mövcuddur və bu parçalanma meyilləri artıq açıq şəkildə hiss olunur. ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları, Macarıstan, Serbiya və bir sıra Şərqi Avropa ölkələrinin mövqeləri, eləcə də Türkiyənin bəzi məsələlərdə neytral və müstəqil qərarlar verməsi alyans daxilində birliyin zəiflədiyini göstərir".

Xəyal Bəşirov: Rusiya-Ukrayna müharibəsinin nəticələri NATO üçün ciddi zərbə olacaq

Müsahibimiz qeyd edib ki, NATO-nun Ukraynaya hərtərəfli dəstəyinə baxmayaraq, müharibədə həlledici nəticə əldə edə bilməməsi, əksinə Ukrayna ərazilərinin dağıdılması və Rusiyanın nəzarət zonasının genişlənməsi alyansın əvvəlki nüfuzunu itirdiyini nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsinin nəticələri NATO üçün ciddi zərbə olacaq.

Onun sözlərinə görə, Avropa İttifaqı siyasi birlik olsa da, onun hərbi təhlükəsizliyi faktiki olaraq NATO tərəfindən təmin edilir. NATO daxilindəki fikir ayrılıqları avtomatik olaraq Avropa İttifaqına da təsir göstərir. Əgər müharibə Ukraynanın parçalanması və ya Rusiyanın nəzarəti ilə nəticələnərsə, NATO-nun şərqə doğru genişlənməsi dayanacaq, əksinə Rusiyanın qərbə doğru nüfuzu artacaq:

"Bu vəziyyət Şərqi Avropa dövlətlərini yeni seçimlər qarşısında qoyacaq. Bəzi ölkələr, o cümlədən Serbiya artıq neytral mövqeyə üstünlük verir, Macarıstan isə oxşar siyasət yürüdür. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, NATO artıq Avropanın təhlükəsizliyinə tam zəmanət vermək iqtidarında deyil. Digər Şərqi Avropa dövlətləri də Rusiya yönümlü siyasət aparmasalar belə, NATO-dan çıxmaq bahasına neytrallığı seçə bilərlər və biz bu prosesin artıq başladığının şahidi oluruq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

08 Yanvar 2026