ABŞ müdafiə naziri Pit Heqset Ordu Baş Qərargah rəisinin istefasını təmin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell bildirib.
Onun sözlərinə görə, general Rendi Corc 41-ci Ordu Baş Qərargah rəisi vəzifəsindən dərhal istefa verəcək. O bu qəfil istefanın səbəbini açıqlamayıb.
“CBS News” anonim ABŞ rəsmisinə istinadən bildirib ki, Pit Heqset Donald Trampın və onun katibinin ordu ilə bağlı vizyonunu həyata keçirə biləcək birini təyin etmək istəyir.
Qeyd edək ki, nüfuzlu “Vest Poynt” hərbi akademiyasının məzunu, İraq və Əfqanıstanda xidmət etmiş general Rendi Corc bu vəzifəyə 2023-cü ildə Demokrat prezident Co Baydenin mandatı ilə təyin olunmuşdu.
Bu, Donald Trampın hakimiyyətə qayıtmasından bəri ABŞ-nin yüksək rütbəli zabitlərinin daha bir məcburi istefasıdır. ABŞ prezidenti heç bir izahat vermədən 2025-ci ilin əvvəlində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edərək, onun yerinə Den Keyn təyin edib. O vaxtdan bəri Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin, NSA-nın və bir çox başqalarının rəhbərləri onun administrasiyası tərəfindən vəzifələrindən kənarlaşdırılıblar.
Aydın Baxış
Bakı 




