Azərbaycan Dövlət Film Fondunda biblioqraf vəzifəsində işləyən şəxs həbs edilib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Cavid İbrahimovdur.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan edilib.
Məlum olub ki, İbrahimov yanvarın 6-da, saat 09:15-də özünü şübhəli aparması ərazidə xidmət aparan polis əməkdaşının diqqətini çəkib.
Bu səbəbdən həmin şəxsə yaxınlaşaraq ad və soyadı soruşulub. Həmin vaxt o, adını deməkdən imtina edib və söz mübahisəsi etməyə başlayıb.
Bununla bağlı həmin şəxsin şəxsiyyətinin müəyyən olunmasından ötrü polis şöbəsinə dəvət edilib. O, yüksək səslə ünvansız küçə söyüşləri söyməyə başlayıb və qəsdən polisin qanuni tələbinə tabe olmayaraq naməlum istiqamətə gedib.
O, inzibati ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə saxlanılıb və 29-cu polis şöbəsinə gətirilib.
İş üzrə izahat verən İbrahimov ona irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, yanvarın 5-də polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı onun yaşadığı həyətə gəliblər: “Polis əməkdaşlarını görərək onlara avtomobilimə maddi ziyan dəyməsi barədə məlumat verdim və bunun araşdırılmasını xahiş etdim. Bunun səhəri günü işə gedən zaman polis əməkdaşları yaxınlaşaraq məni polis şöbəsinə apardılar”.
O bildirib ki, polis əməkdaşının bütün tələblərinə tabe olub və səs-küy salmayıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İbrahimov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Bakı 




