Amerika Birləşmiş Ştatlarında Venesuela Prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamların hüquqi əsasları ətrafında yeni mübahisələr yaranıb. Belə ki, rəsmi sənədlərdə istinad edilən “Cartel de los Soles” ifadəsinin real, institusional cinayət karteli deyil, ABŞ hüquq-mühafizə orqanlarında istifadə olunan daxili termin olduğu açıqlanıb. Bu məqam ittiham prosesinin legitimliyi və beynəlxalq hüquqa uyğunluğu ilə bağlı sualları yenidən gündəmə gətirib.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Venesuela üzərində apardığı əməliyyat və bu ölkənin lideri Nikolas Maduronun saxlanılması beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması kimi qiymətləndirilir. Təbii ki, Ağ Evdə də bu addımın yaratdığı beynəlxalq qalmaqal yaxşı dərk olunur. Politoloq bildirib ki, ancaq ABŞ dünyanın ən güclü ölkəsi olduğu üçün beynəlxalq hüquq normalarına riayət edib-etməmək məsələsində qərar vermək niyyətindədir və faktiki olaraq nə beynəlxalq hüququ, nə də BMT Nizamnaməsini nəzərə alır.

Elçin Xalidbəyli: ABŞ-nin əsas məqsədi Venesuela neftinə nəzarəti ələ keçirmək idi
Politoloqun sözlərinə görə, bu baxımdan Maduraya qarşı irəli sürülən ittihamların legitimliyi məsələsinin gündəmə gəlib-gəlməməsi böyük əhəmiyyət daşımır. Çünki problem təkcə ittihamlarla bağlı deyil, ümumilikdə prosesin özü beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Digər tərəfdən, Maduraya qarşı irəli sürülən ittihamlar reallıqdan uzaq olsa belə, ABŞ-nin mövqeyini dəyişəcəyi ehtimalı azdır:
"ABŞ-nin əsas məqsədi Venesuela neftinə nəzarəti ələ keçirmək olub. ABŞ Prezidenti Donald Tramp da ölkəsinin uzun illər Venesuela neftini istismar edəcəyini açıq şəkildə bəyan edib. Bu baxımdan artıq ABŞ qarşıya qoyduğu hədəflərə çatıb və Venesuela neftinə nəzarəti təmin edib.
Bu şəraitdə hansı səbəbdən olursa-olsun, ABŞ ilə Venesuela arasında ciddi siyasi-diplomatik problemin yaranacağı real görünmür. Çünki ABŞ Venesuela ilə hər hansı məsələni müzakirə etmir, sadəcə öz şərtlərini diktə edir. Belə bir vəziyyətdə siyasi və diplomatik münasibətlərin müəyyən səviyyədə bərpa olunmasından danışmaq reallıqdan uzaqdır".
Elçin Xalidbəyli qeyd edib ki, mövcud situasiya onu göstərir ki, Venesuela ABŞ qarşısında öz suverenliyinin böyük bir hissəsini itirmiş vəziyyətə düşüb.
Zeynəb Rzayeva
Bakı 




