• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Azərbaycanla Ermənistan arasında geniş ticarətdən danışmaq tezdir: Kimsə xiyar-pomidor satmaq istəyirsə...

CƏMİYYƏT

08 Yanvar 2026 | 14:21

Azərbaycanla Ermənistan arasında geniş ticarətdən danışmaq tezdir: Kimsə xiyar-pomidor satmaq istəyirsə...

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir. Qeyd edək ki, Azərbaycanın 1 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.

Deputat Rasim Musabəyovun Bakıvaxtı.az-a dediyinə görə, Azərbaycan üzərinə hansısa öhdəlik götürməyib ki, mütəmadi olaraq Ermənistana benzin göndərsin. Bu, sadəcə olaraq bir test əməliyyatı idi.

Ekspertə görə, bununla göstərilir ki, əgər Rusiya Ermənistanı sıxışdırsa, İrəvan üçün alternativ variantlar mövcuddur:

"Xatırladım ki, 2 il öncə Rusiyanın "Qazprom" şirkəti öz xəttində təmir işləri aparırdı. Azərbaycan mövcud imkanları ilə "Qazprom"un əvəzinə Ermənistanı 1 aya yaxın qazla təmin etmişdi. Yəni Ermənistanın enerji təminatı mümkündür. Ermənistana neft satışının da həyata keçirilməsi göstərdi ki, Azərbaycan tərəfi hansısa çətin durumda yanacağı ermənilərə çatdıra bilər”.

Müsahibimiz bir məqamı da qeyd edir ki, bizim Ermənistanla bank əməliyyatları həyata keçirmək imkanımız yoxdur:

“Benzinin satışı ya Türkiyə bankları vasitəsi ilə, yaxud da Gürcüstan vasitəsi ilə həyata keçirilib. Ermənistan bilavasitə Azərbaycan banklarına köçürmə etmək iqtidarında deyil. Belə olan halda hələlik iki ölkə arasında hansısa geniş ticarətdən, iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Kimsə mal-heyvan, xiyar-pomidor satmaq istəyirsə, hələlik bunlar üçün şərait yaradılmayıb”.

Bununla belə deputat hesab edir ki, münasibətlər normallaşdıqca qonşu ölkələrlə, o cümlədən Ermənistanla ticarət dövriyyəsi qaçılmaz olacaq:

“İki ölkə özlərinə maraq kəsb edən məhsulların mübadiləsini həyata keçirə bilər. Bu da biznes üçün meydandır".

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Yanvar 2026