Azərbaycan Prezidentinin 2025-ci ilin yekunlarına dair verdiyi müsahibə təkcə ötən dövrün qiymətləndirilməsi yox, həm də ölkənin 2025-ci ildə formalaşdırdığı yeni geosiyasi arxitekturanın konturları kimi çıxış edir.
Müsahibədə səslənən fikirlər göstərdi ki, Azərbaycan regional güc statusunu möhkəmləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz strateji mövqeyini daha da gücləndirib və qazanılmış hərbi-siyasi reallıqları qlobal diplomatiyada təsbit etdirməyə nail olub.
Yanaşma həm Türk dünyasında artan liderlik missiyası, həm də böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasət fonunda Azərbaycanın qarşıdakı illərdə hansı istiqamətlərə fokuslanacağını müəyyənləşdirir.
İlham Əliyevin səsləndirdiyi tezislər ölkə gündəminin əsas başlıqlarına çevrildi. Prezidentin açıqladığı strateji istiqamətlər Azərbaycanın 2026-cı ildə regional güc dinamikasında rolunu necə gücləndirə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti 2025-ci ilin yekunlarına dair yerli mətbuata verdiyi müsahibəsində, əslində, Azərbaycan ictimaiyyətinə həm də 2025-ci ilə dair geniş bir hesabat təqdim etmiş oldu:
"Müsahibədən aydın görünür ki, 2025-ci il dövlətçilik taleyimiz, ölkəmizin gələcəyi və milli maraqlarımız baxımından son dərəcə mühüm, kritik və strateji qərarların qəbul edildiyi bir il kimi tarixə düşüb. Azərbaycan bu müddətdə beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu daha da gücləndirməyi bacarıb".
Onun sözlərinə görə, bu nailiyyətlərin başında, dövlət başçısının xüsusi vurğuladığı kimi, ilk növbədə 2025-ci il avqustun 8-də ABŞ-də keçirilən görüşlər nəticəsində 2020-ci il müharibəsində əldə etdiyimiz hərbi-siyasi reallığın diplomatik müstəvidə rəsmən qəbul etdirilməsi dayanır. Prezidentin sözləri ilə desək, Azərbaycan “dünyanın bir nömrəli sarayın”da tarixi qələbəsinə diplomatik möhür vurmuş oldu.

Hikmət Babaoğlu: Prezident xüsusi olaraq Çin–Azərbaycan əlaqələrini son illərin mühüm nailiyyəti kimi qeyd etdi
"Müsahibədə həmçinin dünya siyasətində həlledici rol oynayan digər qüdrət mərkəzləri ilə münasibətlərə toxunuldu. Prezident xüsusi olaraq Çin-Azərbaycan əlaqələrini son illərin mühüm nailiyyəti kimi qeyd etdi. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli, çoxşaxəli və üçtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşməsi vurğulandı",- deyə parlamentari qeyd edib.
Həmsöhbətimiz əlavə edib ki, bütün bu istiqamətlər 2025-ci ildə formalaşdırılan strateji platformanın əsas komponentləridir və məhz bu baza üzərində 2026-cı ilin və sonrakı dövrün xarici siyasət prioritetləri müəyyənləşdirilir. Xarici siyasət xəttində Azərbaycan Prezidenti bir daha Türk dünyasını prioritet elan etdi və onu “bizim ailəmiz” kimi səciyyələndirdi:
"Doğrudan da, hazırkı mürəkkəb tarixi proseslər fonunda aid olduğumuz etnik, tarixi və mədəni coğrafiyanın strateji və hərbi-siyasi məkana çevrilməsi üçün Azərbaycan və Türkiyə lokomotiv rolunu oynayır. Bu istiqamətdə artıq ciddi uğurlar əldə olunub. Bu uğurlar isə gələcəkdə həmin coğrafiyada söz və nüfuz imkanlarımızı daha da genişləndirir".
Sonda Milli Məclisin üzvü qeyd edib ki, buraya iqtisadi, təhlükəsizlik və kommunikasiya amilləri daxildir. Bu amillərin sintezi Türk Dövlətləri Təşkilatının coğrafiyasını yaxın illərdə qlobal siyasətdə strateji mərkəzlərdən birinə çevirməyə imkan verəcək.
Əli Hüseynov
Bakı 




