Parisdə Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü keçirilib. Ukraynaya təhlükəsizlik zəmanətləri mövzusunda keçirilən sammitdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merz, eləcə də daha 30-dan çox rəsmi şəxs iştirak edib.
Paris görüşündə baş verənlər Ukrayna məsələsində təkcə diplomatik faktor deyil, Qərbin təhlükəsizlik arxitekturasında yaranan yeni boşluqları göstərən ciddi siqnaldır. ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyannaməyə qoşulmaması və sənədin yalnız “istəklilər koalisiyası” tərəfindən imzalanması Avropada uzun müddətdir görünməyən narahatlıq atmosferi yaradıb.
Parisdən verilən nikbin açıqlamalar bu gərginliyi yumşaltmağa çalışsa da, fakt budur ki, Vaşinqtonun imzadan geri durması həm Kiyevdə, həm də Avropa paytaxtlarında dərin suallar doğurur. Məsələnin kökündə Amerika siyasətində gedən dəyişikliklər dayanır. Tramp administrasiyasının praqmatik yanaşması ABŞ-nin qlobal öhdəliklərə əvvəlki kimi avtomatik şəkildə əməl etmək istəmədiyini göstərir. Bu isə Avropa üçün çox sadə, amma həyəcanverici bir nəticəni önə çıxarır. ABŞ Ukrayna məsələsində əvvəlki kimi öncüllük etmək istəmir və bu boşluğun necə doldurulacağı hələ də aydın deyil.
Paris görüşünün ən kritik tərəfi ABŞ-nin Ukraynada çoxmillətli qüvvələrə dair əvvəlki sənəddən də geri çəkilməsidir. Həmin sənədin əvvəlki versiyasında ABŞ kəşfiyyat məlumatlarının paylaşılması, logistika dəstəyi göstərilməsi və hücum halında əməliyyatlara yardım etməyi nəzərdə tuturdu. Bu müddəaların çıxarılması Washingtonun hərbi riskdən qaçdığını və Ukrayna məsələsini daha çox Avropa masasına ötürmək istədiyini göstərir.
Bununla yanaşı, Avropa liderlərinin Trampın əvvəlki açıqlamalarını və qeyri-adi siyasi addımlarını açıq şəkildə gündəmə gətirməməsi də diqqətdən qaçmır. Maduro ilə bağlı hadisə, Qrenlandiyanın alınması barədə dedikləri və digər nümunələr əslində ABŞ öhdəliklərinin etibarlılığı üzərində daha böyük kölgə salır. Lakin Avropa liderləri bu mövzulara toxunmamaqla həm daxili birlik zərər görməsin deyirlər, həm də Vaşinqtonla münasibətlərin daha da gəriləcəyindən çəkinirlər.
Bu vəziyyət Ukrayna üçün yeni dilemmanı formalaşdırır. Müharibənin taleyi təkcə cəbhədə gedən döyüşlərlə deyil, Qərbin nə qədər yekdil və davamlı siyasi iradə ortaya qoya biləcəyi ilə müəyyən olunur. ABŞ-nin geri çəkilməsi Avropanı daha çox müstəqil təhlükəsizlik modeli yaratmağa məcbur edə bilər. Lakin Avropanın həm siyasi, həm maliyyə, həm də hərbi resurslarının ABŞ-nin tutduğu boşluğu qısa müddətdə doldurmağa yetib-yetməyəcəyi hələlik açıq sualdır.
Bütün bunlar göstərir ki, Paris görüşü yalnız diplomatik protokol hadisəsi deyil, Ukraynanın gələcək təhlükəsizlik konturunu dəyişdirə biləcək dönüş nöqtəsidir.
Alim Nəsirov
Bakı 




