• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

İDMAN

08 Yanvar 2026 | 17:38

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb: “Bu turnir 2026-cı ildə ölkəmizdə keçirilən ilk böyük yarışdır. Güləşçilərin hamısına uğurlar arzulayıram”.

Gənclər və idman naziri Fərid Qayıbov güləşin Azərbaycan üçün ənənəvi idman növü olduğunu bildirib: “Cənab Prezident İlham Əliyevin də dediyi kimi, güləş bizim ənənəvi idman növlərimizdən biridir. Güləşçilər də, bizi hər zaman beynəlxalq yarışlarsa sevindiriblər. Bu il biz yeni ulduzların adlarını biləcəyik. Hər bir güləşçiyə uğurlar arzu edirəm”.

Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev isə Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsinin qurumun əsas hədəflərindən biri olduğunu vurğulayıb: “Bu turnir milli komandamızın heyətinin formalaşmasında körpü rolunu oynayır. Bu ilki turnirdə ilklərə imza atmışıq. Bunlardan biri çəki dərəcəsinin ölçülməsinin kameralar önündə olmasıdır. Yarışın keçirilməsində bizə dəstək olan Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinə təşəkkür edirəm”.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlar Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur.

Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayırlar.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər. Onlar, həmçinin milli komandamızın heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

08 Yanvar 2026