Yanvarın 5-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində regional və beynəlxalq məsələlərə dair fikirlərini bölüşüb.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşünü xatırladaraq, üzv ölkələrlə birgə hərbi təlimlərin həm rəmzi, həm də praktik baxımdan əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın beynəlxalq münasibətlərdə milli maraqlara əsaslanan balanslı siyasət yürütməsini, həm Qərb, həm də Rusiya ilə əlaqələrini strateji şəkildə davam etdirdiyini qeyd edib.
Eyni zamanda Prezident qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə əlaqələrin strateji xarakter daşıdığını, Şuşa Bəyannaməsi ilə Ankara-Bakı münasibətlərinin rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Müsahibədə səslənən geosiyasi mesajlar Azərbaycanın yeni xarici siyasət kursunun konturlarını necə müəyyənləşdirir? Prezidentin tənqidlərinə Qərbin reaksiyası regiondakı güc balansını dəyişə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, dövlət başçısının çıxışında Azərbaycanın həm regional liderliyinə, həm də xarici siyasət kursunun istiqamətlərinə dair fundamental yanaşmalar var idi:
“Təbii ki, mövcud qlobal və geosiyasi vəziyyət Azərbaycanın 2026-cı il üçün beynəlxalq və qlobal fəaliyyətini, vizionunu ortaya qoymalı və müəyyənləşdirməlidir. Bu baxımdan prezident çıxışında əsas konturları açdı. Əvvəla, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq müharibədən çıxmış ölkə statusunda deyil, biz bu mərhələdən xeyli uzaqlaşmışıq. Azərbaycan sülhü təmin etmiş və eyni zamanda onu idarə edə bilən güclü dövlətdir. Bu, post-münaqişə dövründə lider dövlətlər üçün mövcud olan müəyyən klassifikasiyaya tam uyğun gələn bir prosesdir. İkinci olaraq, prezident 2025-ci ili sülh ili elan etdi və bununla da yeni sülh müqaviləsinin imzalanmasına yönəlik gözləntiləri bir daha gücləndirdi, dövlət iradəsini açıq şəkildə ifadə etdi".
O qeyd edib ki, bu, regionda 2026-cı ildə təhlükəsizlik arxitekturasının qurulması üçün mühüm zəmin yaradan bir açıqlama idi:
"Həmçinin sülh təşəbbüslərinin bir ölkənin daimi xarici siyasət narrativinə çevrilməsi deməkdir. Təbii ki, Azərbaycanın xarici siyasətində dəyişməyən əsas istiqamətlərdən biri Azərbaycan–Türkiyə münasibətləridir. Prezident Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi və onun gücləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda İlham Əliyev Azərbaycanın qonşu dövlətlərlə əlaqələrini daimi qurmasını vurğuladı. Bu vurğunun əsas məntiqi ondan ibarət idi ki, Rusiya ilə balanslı münasibətlər saxlanılacaq. Azərbaycan Rusiya ilə münasibətlərdə öz maraqlarını təmin etməyə davam edəcək”.
Müsahibimizin sözlərinə görə, cənab Prezidentin müsahibəsində yeni xarici siyasi konturlar həqiqətən hiss olunurdu:
“Bu yeni konturlardan birincisi ondan ibarətdir ki, artıq beynəlxalq hüquq anlayışı əvvəlki adekvat çəkisini itirməkdədir. Xüsusilə Venesuela prezidentinin beynəlxalq hüququnun pozulması nəticəsində aparılmasından sonra qlobal hüququn və qlobal etikanın vəziyyəti ilə bağlı narahatlıqlar Prezident İlham Əliyev tərəfindən ifadə olundu. Ümumilikdə suverenlik və daxili işlərə qarışmama prinsiplərinin müdafiəsi ilə bağlı aydın mövqe ortaya qoyuldu. Bu mənada Azərbaycanın da Qərb dairələri ilə müəyyən problemlərlə üzləşdiyi qeyd edildi. Cənab Prezident çıxışında Azərbaycanla bağlı ikili standartlar çərçivəsində çıxış edən Qərb institutlarına münasibət bildirdi. Xüsusilə beynəlxalq təşkilatların və Qərb institutlarının Azərbaycan rəhbərliyinə və dövlətinə qarşı qərəzli yanaşmaları tənqid edildi. Məncə, İlham Əliyev həmin institutlara qarşı sərt ritorika yeni, prinsipial bir mərhələnin başlandığını göstərdi. Bu, yeni xarici siyasət konturudur".
Əziz Əlibəyli əlavə edib ki, digər yeni kontur Türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşdirilməsidir. Çünki indiyə qədərki münasibətlər artıq kifayət etmir. Dünyanın üçüncü böyük iqtisadi və siyasi gücünün, hətta hərbi gücünün formalaşdırılması istiqamətində daha dərin münasibətlərə ehtiyac var.

Əziz Əlibəyli: Qərbin reaksiyasına və güc balansına gəldikdə, onun tənqidi mövqeyi artıq məlumdur
"Qərbin reaksiyasına və güc balansına gəldikdə, onun tənqidi mövqeyi artıq məlumdur. Adətən müxtəlif institutlar vasitəsilə ölkələrə qarşı hesabatlar hazırlanır. Qərbin əsas problemlərindən biri də Avropa İttifaqı Komissiyası və Parlamentində anti-Azərbaycan mövqeli deputatların üstünlük təşkil etməsidir. Bu şəxslər öz ölkələrində müəyyən dairələr tərəfindən dəstəklənir və maliyyələşdirilir. Bu səbəbdən prezidentin çıxışından sonra qarşıdakı dövrdə Azərbaycanla Qərb arasında daha gərgin münasibətlərin yaranması ehtimalı var. Regiondakı güc balansına gəldikdə isə Azərbaycan ümumilikdə Qərbdən də, Rusiyadan da müəyyən məsafə saxlayır. Eyni zamanda Türkiyə və Çinlə daha sıx münasibətlərə doğru irəliləyir”.
Ekspert onu da deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə və Qərbin bu münaqişəyə cəlb olunması regionda Türkiyə və Çin faktorunu gücləndirir, müəyyən qədər isə ABŞ faktorunu ön plana çıxarır:
“Bu da regionda yeni güc mərkəzlərinin formalaşmasına zəmin yaradır. Bu güc mərkəzlərindən biri məhz Azərbaycandır. İranın son dövrlərdə ciddi təzyiq altında olması da regionda yeni aktorların meydana çıxmasına şərait yaradır. Azərbaycan enerji və nəqliyyat dəhlizlərindəki rolunu daha da artıracaq. Bu amil Qərbin reaksiyasını da dəyişəcək və enerji resursları ilə bağlı Azərbaycanın əlində olan imkanlar Qərbi Bakı ilə əməkdaşlığa məcbur edəcək”.
Aynur Babazadə
Bakı 




