Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Hikmət Zeynalov ifadəsində Şuşada anadan olduğunu, hərbi xidmətinin ilyarımını Ermənistanda - Eçməidzində çəkdiyini bildirib. O, deyib: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər.
H.Zeynalov Şuşa şəhəri M.H.Vəzirov küçəsində yerləşən ikimərtəbəli həyətyanı sahəsi olan fərdi evində yaşayıb. 1992-ci il mayın 14-də Xocalı rayonu Muxtarkənd və Şuşakənd istiqamətlərindən atəşə tutularkən, yandırıcı tərkibli raketlərdən birinin onun yaşadığı evə düşməsi nəticəsində evləri dağılaraq bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə H.Zeynalova ziyan dəyib.
“Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”, - zərərçəkmiş şəxs bildirib.