q
  • Bakı 15° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Ankara-İrəvan normallaşması: Bakı ilə münasibətlər əsas şərt olaraq qalır

SİYASƏT

08 May 2026 | 15:22

Ankara-İrəvan normallaşması: Bakı ilə münasibətlər əsas şərt olaraq qalır

Ermənistanla Türkiyə arasında sərhədin açılması məsələsi, demək olar ki, hazır nöqtəyə gəlib, lakin tamamlanmalı bir sıra bürokratik və texniki işlər var. Bunu Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, fiber-optik kabellər çəkilməlidir: “Təhlükəsizlik və gömrük əməkdaşları yerləşdirilməlidir. Bütün bunlar həyatta keçirilmədən sadəcə “sərhədi açdım” demək düzgün olmaz”.

Kılıç bildirib ki, hazırlıqlar tamamlanmadan sərhədin açılması yalnız formal addım kimi görünə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, bu məsələətrafında müxtəlif spekulyasiyalar səsləndirilir, lakin reallıqda vəziyyət fərqlidir.  Onun sözlərinə görə, Türkiyə bu istiqamətdə siyasi iradəsini hələ 2022-ci ildə ortaya qoysa da, sərhədin nə vaxt açılacağını dəqiq söyləmək mümkün deyil:

“Sərhədin açılması yalnız müəyyən formal mərhələlər başa çatdıqdan, kommunikasiya məsələləri həll olunduqdan və texniki-bürokratik prosedurlar tamamlandıqdan sonra mümkün olacaq. Bu isə prosesin qısa müddətdə deyil, mərhələli şəkildə həyata keçiriləcəyini göstərir”.

Məsələnin siyasi tərəfi də diqqət çəkir. Müsahibimiz qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan üçün sərhədin açılması mühüm siyasi dividend hesab olunur. Dediyinə görə, əgər bu proses parlament seçkilərindən əvvəl baş tutarsa, bu, onun daxili siyasi mövqelərini daha da gücləndirə bilər:

“Ancaq Türkiyə hakimiyyəti bu məsələnin Azərbaycan üçün son dərəcə həssas olduğunu yaxşı anlayır. Məhz buna görə də Ankaranın qardaş ölkə kimi Azərbaycanın maraqlarını Ermənistan hakimiyyətinin siyasi maraqlarına qurban verəcəyini düşünmək inandırıcı görünmür”.

Samir Əsədli: Türkiyə hakimiyyəti bu məsələnin Azərbaycan üçün son dərəcə həssas olduğunu yaxşı anlayır

Analitik qeyd edib ki, bundan əlavə, rəsmi Ankara indiyədək dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycan-Ermənistan münasibətlərindən ayrı şəkildə qiymətləndirilmir:

“Son illərdə aparılan danışıqlarda əsas diqqət kommunikasiya xətlərinin açılması, sərhəd-keçid infrastrukturlarının hazırlanması və regionda sabitliyin təmin edilməsinə yönəlib. Bu baxımdan, Ankara üçün əsas prioritetlərdən biri regionda davamlı siyasi balansın qorunması və Bakı ilə strateji müttəfiqlik münasibətlərinin zədələnməməsidir. Sərhədin açılması məsələsi də məhz bu geosiyasi çərçivədə nəzərdən keçirilir”.

“Başqa sözlə, proses yalnız Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazda formalaşacaq yeni siyasi və iqtisadi düzənin tərkib hissəsi kimi qiymətləndirilir”, - deyə Samir Əsədli qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR