• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Ankara sülh çətirini açır: Türkiyənin Ukrayna münaqişəsində rolu

SİYASƏT

19 Fevral 2025 | 13:37

Ankara sülh çətirini açır: Türkiyənin Ukrayna münaqişəsində rolu

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski Ankarada görüş keçirib.

İkitərəfli münasibətlərin inkişafı və regiondakı vəziyyətin müzakirəsi baxımından vacib hesab edilən bu görüş təkcə siyasi kontekstdə deyil, həm də simvolik məqamlarla diqqət çəkib. Məlumata görə, Ərdoğan Zelenskini yağış altında çətirlə qarşılayıb və bu jest sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ekspertlər bu görüntünü Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi kimi dəyərləndiriblər.

Eyni zamanda, bu görüşlə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar keçirilib. Bu proses, geniş mənada, Ukraynadakı müharibənin gələcəyi və qlobal güclərin regional siyasətə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırkı dövrdə Rusiya-Ukrayna münaqişəsində Türkiyə hansı istiqamətdə hərəkət edəcək? Onların addımları dünya siyasətinə necə töhfə verəcək? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını deputat Asim Mollazadə cavablandırıb. Onun sözlərinə görə, Türkiyə bölgədə sabitliyin tərəfdarıdır:  

"Türkiyə bölgədə sabitliyin tərəfdarı olduğunu dəfələrlə bəyan edib və bu siyasətini müxtəlif beynəlxalq platformalarda nümayiş etdirir. Ankara həm Ukraynadakı müharibənin dayandırılmasını, həm də Qara dənizdə təhlükəsizliyin təmin edilməsini əsas prioritetlərindən biri kimi görür. Ərdoğan Zelenski ilə danışıqlarında da müharibənin diplomatik yolla həllinin vacibliyini vurğulayıb. Eyni zamanda, Türkiyənin Ukrayna ilə əməkdaşlığını gücləndirməsi Rusiya ilə münasibətləri balanslaşdırmaq cəhdi kimi də qiymətləndirilir. Ankara həm Moskva, həm də Kiyev ilə əlaqələrini qorumaq və vasitəçilik rolunu davam etdirmək istəyir".

Asim Mollazadə: Rəsmi Ankara Krımın Ukraynanın ərazi bütövlüyünün bir hissəsi olduğunu dəfələrlə vurğulayıb

A.Mollazadə qeyd edib ki, rəsmi Ankara Krım məsələsində də sülh və bölgədə sabitlik kimi fikirlər irəli sürür. Onun sözlərinə görə, Türkiyə tərəfi Ukrayna müharibəsində diplomatik həll yollarını dəstəkləməklə yanaşı, Krım məsələsində də eyni mövqedən çıxış edir: 

"Rəsmi Ankara Krımın Ukraynanın ərazi bütövlüyünün bir hissəsi olduğunu dəfələrlə vurğulayıb və bölgədəki tatar icmasının hüquqlarının qorunmasına xüsusi diqqət yetirib".

Son olaraq siyasətçi diqqətə çatdırıb ki, Türkiyə sülh istiqamətində də ciddi addımlar atmağı düşünür:

"Türkiyə xüsusilə Ukrayna müharibəsi fonunda, sülh təşəbbüsləri ilə çıxış edərək tərəflər arasında vasitəçi rolunu oynamağa çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, müharibənin uzanması nə bölgə, nə də dünya üçün faydalıdır. Bu baxımdan Türkiyə həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qoruyaraq balans siyasəti yürüdür və sülh istiqamətində real addımlar atmağı hədəfləyir. Türkiyənin sülhə töhfə vermək cəhdlərinin ən mühüm nümunələrindən biri İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarıdır. Ankara həmin dövrdə tərəflər arasında dialoq platformasının yaradılmasına dəstək verib və prosesin irəliləməsi üçün aktiv vasitəçilik edib".

Bütün bu addımlar göstərir ki, Türkiyə təkcə Ukrayna münaqişəsində deyil, ümumilikdə, bölgədə və qlobal arenada sülh təşəbbüslərini genişləndirmək niyyətindədir. Ankara Qara dəniz regionunda sabitliyin təmin olunmasını və müharibənin dayandırılmasını beynəlxalq təhlükəsizliyin əsas prioritetlərindən biri kimi görür.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Fevral 2025