Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu açıqlamanı verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, mümkün problemin həllıi diplomatiya və dialoq yolu ilə mümkündür. Ərdoğanın sözlərinə görə, İrana hücum təkcə İrana aid olan hadisə deyil.
Türkiyənin bir sıra münaqişələrin həllində vasitəçi kimi çıxış etdiyi məlumdur. İsrail-İran qarşıdurmasında da Türkiyənin vasitəçi olması mümkündürmü?
Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Türkiyə və İran arasında zaman-zaman rəqabət olsa da, hər iki ölkə müəyyən əməkdaşlıq kanallarını qoruyub saxlamaqdadır.
Onun sözlərinə görə, İsraillə də münasibətlər Qəzzada yaşanan insan faciəsi fonunda xeyli dərəcədə pisləşsə belə son zamanlar Azərbaycanın da vasitəçiliyi ilə müəyyən yumşalmalar müşahidə olunur. Bu, Türkiyəyə hər iki tərəfə çatmaq və onları dialoqa cəlb etmək üçün müəyyən dərəcədə manevr imkanı verir:
“Türkiyə regionda uzun illərdir ki, aktiv diplomatik rol oynayan dövlətlərdən biridir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyə həm NATO üzvü, həm də İslam dünyasının aparıcı dövlətlərindən biri olaraq, həm Qərb, həm də Şərq ölkələri ilə daim əlaqələrdə olan dövlətdir. Türkiyənin daha əvvəl Rusiya-Ukrayna müharibəsində vasitəçilik təşəbbüsləri, o cümlədən taxıl sazişində oynadığı rol eyni zamanda Suriya məsələsində vasitəçiliyi bu baxımdan nümunəvi sayıla bilər”.
Kamran Məmmədli: Türkiyənin vasitəçi kimi çıxış etmək arzusu və bəyanatı diplomatik cəhətdən əhəmiyyətlidir
K.Məmmədliyə görə, İranla İsrail arasındakı müharibə fonunda prosesi çətinləşdirən ciddi faktorlar da mövcuddur.
“İran və İsrail arasında qarşıdurma sadəcə regional maraqların deyil, eyni zamanda ideoloji, təhlükəsizlik və nüvə məsələləri ilə bağlıdır. Bu kimi yüksək riskli və dərin köklərə malik münaqişədə vasitəçi olmaq üçün tərəflərin hər ikisinin Türkiyəyə etimad göstərməsi vacibdir. İranın bəzi hallarda Türkiyənin Qərblə yaxınlığını tənqid etməsi və İsrailin də öz təhlükəsizliyi ilə bağlı yalnız ABŞ kimi strateji tərəfdaşlara etibar etməsi, bu etimadın asan formalaşmayacağını göstərir. Eyni zamanda İsrail-Türkiyə münasibətləri son yumşalmalara baxmayaraq, hələ də tam ürək açan səviyyədə deyil” - politoloq vurğulayıb.
Türkiyənin vasitəçi kimi çıxış etmək arzusu və bəyanatının diplomatik cəhətdən əhəmiyyətli olduğunu bildirən müsahibimizin fikrincə, bu, regionda sabitliyin qorunmasına yönəlmiş pozitiv siqnaldır:
“Lakin bu rolu reallaşdırmaq üçün həm Tehran, həm də Təl-Əvivin Ankara ilə razılaşması, qarşılıqlı etimadın qurulması və beynəlxalq tərəfdaşların da bu təşəbbüsə dəstək verməsi əsas şərtlərdəndir. Bu isə indiki reallıqlar fonunda inandırıcı deyil. Bütün hallarda Türkiyə hazırkı mərhələdə daha çox gərginliyin azaldılması və kommunikasiya kanallarının açılması üçün ilkin diplomatik platforma rolunu oynaya bilər”.
Gülşən Şərif