Siyasətşünas-alim, yazıçı-publisist Elşən Nəsibovun (Elşən Ardıcın) “Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-Azərbaycandilli yazılarda. Kənd həyatından bəhs edən yazılar: 1960-1980-ci illərin əhatəsi. İkinci kitab”, - başlıqlı kitabı çapdan çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, kitab “ARDIC” Hərəkatının təqdimatıdır.
Kitabda “Sovet Ermənistanı” qəzetində, qeyd edilən dövrdə kənd haqqında dərc olunmuş məqalələrin məcmusu toplanmış və yazılara müəllif tərəfindən şərh verilmişdir. Kitab iki bölmədən ibarətdir: birinci bölmədə qəzet məqalələrinin mətni verilmiş, ikinci bölmədə isə məqalələrin orijinal mətnlərinin qəzetlərdən götürlümüş şəkillərinin surətləri əks olunmuşdur.
Kitabın mövzusu bunlardan ibarətdir. Belə ki, məqalələrdə qeyd olunduğu kimi, Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Yaqublu (Quqark) rayonunun Arçut kəndi XX əsrin ortalarında və 70-80-ci illərində tərəqqi, çiçəklənmə dövrünü yaşamış, inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatında əsaslı dönüş yaranmış, kolxoz sovxozla əvəz edilmiş, kənddə infrastruktur yaradılmış, kəndin elektriklə, telefonla təmin edilməsi həyata keçirilmişdir. Bu qədim yaşayış məskənində poçt və rabitə xidmətləri yaxşılaşdırılmış, şəhərlə əlaqədə avtobus nəqliyyatının əhəmiyyəti artmış, yeni mədəniyyət klubu fəaliyyətə başlamışdır. Yeni və müasir tələblərə cavab verən məktəb binası inşa olunmuş, məktəblərdə mədəniyyət dərnəklərinin fəaliyyəti gücləndirilmişdir. Mədəni tədbirlər geniş vüsət almışdır. Təsərrüfatlarda mexanizmlərin tətbiqi üsulları genişləndirilmişdir. Qeyd edilən dövrdə yaşayış evlərinin, təsərrüfatların sayı artmış, yeni-yeni ailələr formalaşmışdır. Əməkdə fərqlənməyə görə kənd sakinləri orden və medallarla təltif edilmişdir. Bu və digər proseslər mətbuat səhifələrində geniş işıqlandırılmışdır.
Arçut (Ardıc) kəndi 1960-1988-ci illərdə şərəfli və ləyaqətli bir yol keçib. Kənd sakinləri otuz ilə yaxın olan bir müddətdə zəngin irs yarada biliblər. Ötən müddət ərzində kənddə xeyli sayda əlamətdar hadisələr yaşanıb. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Sovet Ermənistanının 1929-1988-ci illəri əhatə edən dövrü ölkənin qızıl dövrü kimi xassələnə bilər. Sovet hökuməti Ermənistana, o cümlədən orada yaşamış azərbaycanlılara tərəqqi, çiçəklənmə, rifah, inteqrasiya, inkişaf, sağlamlıq, hörmət, diqqət və qayğı, nüfuz və sadalamaqla bitməyən dəyərlər bəxş etmişdir.
Kitabda 1960-1980-ci illərdə Arçut kəndində hansı sahələrin inkişaf etməsi araşdırma obyekti olmuşdur. Sahələrin inkişafı bir-birini şərtləndirmişdir. 1929-1959-cu illəri əhatə edən eyniadlı kitabın birinci hissəsinin davamı olaraq sahələrin xüsusiyyətləri də periodik olaraq araşdırma obyektinə cəlb edilmişdir.
Kəndin sürətlə böyüməsinin əsasları diqqət mərkəzində olmuşdur. Sahələrin bir-birini zəncirvari qaydada şərtləndirməsi və sahəvi, eləcə də ümumi inkişafın tendensiyalarının formalaşma əsasları araşdırma məqsədinə çevrilmişdir. Tezislər, mətn başlıqları 1960-cı ildən başlayaraq 1988-ci ilə qədər hər beşilliyi nəzərdə tutmuş və nəticə etibarilə mövzunun əsasları formalaşdırılmışdır.
Kitab Qərbi Azərbaycanlılar, o cümlədən bölgə ilə maraqlanan bütün oxucular, tədqiqatçılar üçün maraqlı ola bilər.
Onu da qeyd etmək yerinə düşər ki, kitab 1970-1980-ci illərdə Arçutun təsərrüfat, mədəni, sosial və siyasi həyatını “Sovet Ermənistanı” qəzetində öz yazıları ilə ardıcıl qaydada işıqlandırmış, ziyalı, müəllim, jurnalist arçutlu mərhum Şura Dilbazovun əziz xatirəsinə ithaf olunub.
Qeyd edək ki, kitabda E.Nəsibovun Bakıvaxtı.az saytında dərc olunmuş məqalələrindən istifadə olunub.
Bakı 



jpeg-1770806169.jpeg)
jpeg-1770806169.jpeg)



