Bakıda azyaşlı autizmli uşağın yaşayış binasında liftdə naməlum şəxs tərəfindən zorakılığa məruz qalmasını əks etdirən görüntülərin yayıması cəmiyyətdə ciddi hiddətə səbəb olub. Narazılıqdan sonra polislər dərhal əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Keçirilən qısamüddətli araşdırmalardan sonra qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu bildirib ki, sosial şəbəkələrdə yayılan, azyaşlı autizmli uşağın yaşayış binasında naməlum şəxs tərəfindən itələnməsini əks etdirən görüntülər ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, uşaqlara, xüsusilə də autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı hər hansı kobud rəftar və ya zorakılıq yolverilməzdir:
“Belə hallara qarşı laqeyd qalmamaq, uşaqların təhlükəsizliyinin təmin olunmasına töhfə vermək cəmiyyətin hər bir üzvünün mənəvi və sosial məsuliyyətidir. Yayılan görüntülərdə əks olunan hadisənin bütün halları aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırılacaq və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək!”.
Zorakılığı məruz qalan uşağın anası da bildirib ki, baş verən bu hadisədən sonra oğlu gecə boyu yata bilməyib:
“Uzun müddət danışmadı, nitqi tutuldu, qorxudan əsirdi. Bir ana üçün övladını bu vəziyyətdə görmək və bu cür görüntüləri izləmək sözlə ifadə olunacaq qədər asan deyil”.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu deyib ki, uşaq gülümsəyərək liftə minməyə çalışsa da, adekvat münasibət görmür. Dediyinə görə, saxlanılan şəxsin psixologiyası ciddi araşdırılmalıdır, çünki onun bir uşağa qarşı belə kobud şəkildə davranması normal hal deyil:
“29 yaşında yetkin bir insanın kiçik uşağa qarşı sərgilədəyi bu davranış nə dərəcədə etik və düzgündür?! Əlbəttə, bu məsələ hüquqi qiymətini almalı, cəzalandırılma olmalıdır ki, cəmiyyətdə pis tendensiya yaranmasın”.
“Bütün uşaqlara qarşı zorakılıq yolverilməzdir” deyən müsahibimiz qeyd edib ki, amma autizm xəstələrinə yönəlik belə hərəkətlər ümumiyyətlə qəbuledilməzdir. Çünki onlar həssas kateqoriyada olan insanlardır və daim diqqət və qayğı altında olmalıdırlar. Kobud formada itələnən uşaq yıxılaraq başından daha ağır zədə, travma ala bilərdi:
“Ona görə də həm valideynin, həm də cəmiyyətin etirazları haqlı qəbul olunmalıdır. Hadisəni törədən şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməli, cəmiyyət qarşısında, uşağın valideynləri qarşısında üzr istəməlidir”.

Xəzər Teyyublu: Hadisəni törədən şəxs məsuliyyətə cəlb edilməli, cəmiyyət qarşısında üzr istəməlidir
X.Teyyublu əlavə edib ki, hüquq müdafiəçisi kimi daim autizmli uşaqların hüquqlarını müdafiəsi ilə məşğul olur:
“Onların eləsi var ki, birinci qrup əlillik statusundadırlar. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşdük və orada bildirdik ki, uşaqlarla bağlı 18 yaşdan sonra boşluq yaranır. Yəni həm qəyyumluq məsələsində, həm də yeni sənədləşmə tələb olunur və aylarla davam edir. Bu zaman da uşağa verilən sosial müavinətlərdə problemlər yaranır. Halbuki, autizmli uşaqların daha çox dövlət qayğısına ehtiyacı var”.
Aydın Baxış
Bakı 



