• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

“Avropa məkanında Azərbaycanın kod adı: Etibarlı tərəfdaş”

SİYASƏT

24 Iyun 2024 | 09:21

“Avropa məkanında Azərbaycanın kod adı: Etibarlı tərəfdaş”

“Fransa kimi ölkəmizi sevməyən dövlətlər və qüvvələr gec-tez Azərbaycanla hesablaşmağa məcbur olacaqlar”.

Bu sözləri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu şərh edən deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı İlham Əliyevin zamanın çağırışlarına cavab verən uzaqgörən diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır:

“Elə bir həftə yoxdur ki, mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın dünya birliyindəki önəmli rolu haqqında fikirlər bildirilməsin. Bu ayın əvvəlində Bakıda keçirilən beynəlxalq Bakı Enerji həftəsində 40-a yaxın ölkənin və 300-dan çox tanınmış şirkətlərin təmsil olunması, ABŞ Prezidentinin Azərbaycanın enerji sahəsində və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən təbrik məktubunun tədbirdə səsləndirilməsi buna misaldır. Eyni zamanda bu ay Avropa İttifaqı ilə Azərbaycan arasında 5-ci Təhlükəsizlik Dialoqu üzrə imzalanmış birgə bəyanatda ölkəmizin ünvanına deyilmiş fikirlər də nümunələrdən biridir. Bu, o deməkdir ki, bölgəmizin lider dövləti olan Azərbaycan getdikcə beynəlxalq məkanda ciddi aktora çevrilir”.

Brüsseldə keçirilən Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci iclasının əhəmiyyətinə toxunan millət vəkilinin fikrincə, bu cür ikitərəfli görüşün keçirilməsi Avrasiyada baş verən geosiyasi mənzərə fonunda Azərbaycan dövlətinə olan böyük etimaddır.

“İclasda yayımlanan bəyanat Avropa İttifaqının Xarici Xidmət yanında Baş Katibinin siyasi məsələlər üzrə müavini Ebrik Moronun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin həmsədrlikləri qəbul edilib. Bəyanatda ölkəmizin Azərbaycan-Ermənistan arasında normallaşma, genişlənən regional təhlükəsizlik prosesində konstruktiv rolu, dayanıqlı əlaqəliliyi, Azərbaycanın bu proseslərdə liderliyi xüsusi vurğulanıb. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi və inkişafına dəstək vermək niyyəti müsbət mənada qeyd edilib. Bəyanatın diqqətçəkən məqamlarından biri də Azərbaycanın etibarlı və önəmli enerji təminatçısı tərəfdaşı kimi həm də Orta Dəhlizin gələcək inkişafında rolu xüsusi qeyd edilib. Bundan başqa, bəyanatda Avropa İttifaqının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi və mina qurbanlarına humanitar yardımı etmək, bununla bağlı müxtəlif təşəbbüs və proqramların həyata keçirmək istəyi də bildirilib”. - deyə deputat əlavə edib.

Məlahət İbrahimqızı: Daxili və xarici siyasətdəki nailiyyətlər məhz dövlət başçımızın sayəsində qazanılır

Müsahibimiz bildirib ki, sözügedən bəyanatda Azərbaycanın öz marağına uyğun olaraq Avropanın Sülh Dəstəyi altında Avropa İttifaqı ilə mümkün əməkdaşlığa hazır olduğu açıqlanıb. Görüşün yekununda Avropa İttifaqı ilə Azərbaycan davamlı olaraq xarici və təhlükəsizlik siyasətinə dair məsləhətləşməyə, fikir mübadiləsi və müzakirələrin keçirilməsinə dair razılıq əldə edib.

Məlahət İbrahimqızı onu da vurğulayıb ki, daxili və xarici siyasətdəki nailiyyətlər məhz dövlət başçımızın sayəsində qazanılır:

“Azərbaycana qarşı olan bu etibar və etimad ikitərəfli və çoxtərəfli əlaqələrdə öz əksini tapıb. Bu gün Azərbaycan Avropa məkanında “Kod adı: etibarlı tərafdaş” adlanan ölkə kimi tanınır. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı bu vəziyyətlə bağlı fəxr edir”.

Qeyd edək ki, bir neçə gün öncə Brüsseldə Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci iclası keçirilib. İclasda Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR