"Avropa Rusiya ilə potensial müharibəyə hazırlaşır, lakin bir çox insan hazırlıqların miqyasından hələ də xəbərsizdir". Avropa KİV-lərində yer alan bu iddialar fonunda belə bir müharibənin baş vermə ehtimalı dünyanı narahat etməyə davam edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a geniş təhlillə çıxış edən politoloq Azad Məsiyev dünyada cərəyan edən proseslərin kökündə ABŞ-nin qlobal strateji planının dayandığını bildirib:
"Əvvəla dünyada nə baş verdiyini aydınlaşdırmalıyıq. Amerika Birləşmiş Ştatlarının qlobal bir strateji layihəsi var. Amerikanın "dərin dövləti" hesab edir ki, dünya birqütblü olmalı və bunu Amerika imperatorluğu idarə etməlidir. Amerikanın imperatorluğu üçün üç təhlükəli mənbə var: hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin və maliyyə gücünə görə Avropanın pul vahidi olan avro. Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, zaman-zaman taktiki dəyişikliklər olsa da, bu strateji plan həyata keçirilir və imperatorluğa təhlükə yaradan amillər aradan qalxmalıdır. İstər İran-Amerika münaqişəsi, istər Çin ətrafında və Hörmüz boğazında baş verənlər, istərsə də Avropanın mərkəzində gedən Ukrayna-Rusiya savaşı məhz bu strategiyanın tərkib hissəsidir. ABŞ dünyada xaos yaradır ki, bu strategiyanı həyata keçirsin".
Politoloqun sözlərinə görə, ABŞ-nin əsas məqsədi Avropa Birliyi ilə Rusiya arasında böyük bir savaş başlatmaqdır və Ukrayna münaqişəsi də bu prizmadan yaranıb:
"Məqsəd Rusiyanı münaqişəyə cəlb etməklə Avropa ilə onun əlaqəsini kəsmək idi. Münaqişə başlamazdan əvvəl Avropanın Rusiyada 800 milyard dollar sərmayəsi var idi. İqtisadi münasibətlərin möhkəmlənməsi siyasi əlaqələri də gücləndirirdi ki, bu da Amerikanın planlarına zidd idi. Avropa iqtisadiyyatı gücləndikcə onun pul vahidi olan avro dünyada aparıcı valyutaya çevrilirdi. Amerikanın məqsədi Rusiya ilə Avropa arasında əlaqəni kəsmək, Rusiyanı münaqişəyə cəlb etmək idi və Rusiya ətrafında qaynar ocaqlar məhz bu nöqteyi-nəzərdən yaradılmışdı. Nəhayət, Rusiya Ukrayna savaşına cəlb edildi".
A.Məsiyev əlavə edib ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp da Rusiya-Ukrayna münaqişəsini Baydenin yaratdığını açıq şəkildə bəyan etmişdi:
"Bayden Amerikanın strateji siyasətini həyata keçirən şəxs idi. Rusiya-Ukrayna münaqişəsinin yaradılması ilə Avropanın Rusiya ilə əlaqəsi kəsildi. Münaqişədən əvvəl Almaniya kansleri Merkelə 'Şimal axını-2' kəməri layihəsinin dayandırılması üçün təzyiqlər olunurdu. İqtisadiyyatın iki ana şərti var: enerji və xammal. Avropa bu iki komponenti Rusiyadan alırdı. Münaqişənin başlaması ilə 'Şimal axını-2' kəməri partladıldı, Avropanın enerji mənbələri kəsildi və o, müharibəyə cəlb olunaraq hərbi gücünü zəiflətmək taktikası işə salındı".
Ekspert vurğulayıb ki, hazırda Ukrayna ərazisində Avropa Birliyi (NATO bloku) ilə Rusiya arasında de-fakto savaş gedir:
"Avropa Birliyinə daxil olan dövlətlər Rusiya əleyhinə yaradılmış koalisiyanın üzvüdürlər və maliyyə, siyasi, hərbi-taktiki, eləcə də psixoloji və informasiya müharibəsi baxımından bu savaşda faktiki iştirak edirlər. Tramp hakimiyyətə gələndən sonra bəyan etdi ki, Ukraynaya maliyyə yardımı ayrılmayacaq, bunu Avropa etməlidir. Avropanın Ukraynaya ayırdığı yüz milyardlarla dollar yardım ABŞ-yə gedir və oradan silah-sursat alınır. Bu vəsaitlər Avropa iqtisadiyyatına qoyulsaydı, avro dünyada daha da möhkəmlənərdi. Lakin Amerikanın məqsədi Avropanı iqtisadi cəhətdən zəiflətməkdir. Münaqişəyə cəlb olunan ölkə böyük vəsait xərcləyir və iqtisadiyyatı zərər görür. Faktiki olaraq Avropa iqtisadiyyatı, xüsusilə Almaniyanın maşınqayırma sənayesi çökməyə doğru gedir".
.jpg)
Azad Məsiyev: Böyük Britaniya Aİ-dən təsadüfən çıxmadı
Politoloq Avropa Birliyinin iqtisadi sütunlarından danışarkən Böyük Britaniyanın roluna da toxunub:
"Aİ yaradılanda onun üç ana sütunu var idi: Böyük Britaniya, Fransa və Almaniya. Böyük Britaniyanın qurumdan çıxması (Brexit) təsadüfi deyildi. Britaniya ilə ABŞ uzun müddətdir dünya siyasətində paralel xətt yürüdürlər. Britaniyanın Aİ-dən çıxması dolayısı ilə birliyin zəiflədilməsi demək idi. ABŞ çalışır ki, Rusiya-Ukrayna savaşı daha uzunmüddətli fazaya keçsin və Avropa Birliyi daha çox zəifləsin. Avropa ilə Rusiya arasında savaş yaratmaq üçün müxtəlif təxribatlar həyata keçirilir. Britaniyanın Rusiya gəmilərini saxlaması, Baltikyanı ölkələr üzərindən dronların keçməsi beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb. Məqsəd Rusiyanı Avropa ilə həm de-fakto, həm də de-yuri savaşa cəlb etməkdir".
A.Məsiyev bildirib ki, Rusiya ilə Avropa arasında de-yuri savaş başlayarsa, bu, NATO-nun müharibəyə rəsmən qoşulması deməkdir:
"Bu, bəşəriyyət üçün böyük fəsadlar verəcək, çünki bu halda nüvə silahının işə düşməsi qaçılmaz olur. Rusiyanın geri yolu yoxdur, çünki ABŞ başda olmaqla NATO onu düşmən elan edib və siyasi xəritədən silmək üçün kampaniya aparır. Rusiyaya yaxın olan ölkələrdə "demokratiya" adı altında çevrilişlər edərək onları Rusiya əleyhinə istifadə edirlər. Biz bunu Saakaşvili dövründə Gürcüstanda gördük, Ukraynada görürük, hətta Ermənistanda Paşinyanı hakimiyyətə gətirərək bu məqsədlə istifadə edirlər. Rusiya-Avropa savaşı hər iki tərəfin zəifləməsi, nəticədə isə ABŞ-nin qazanması deməkdir".
Politoloq dolların gücünə və Trampın tələblərinə də diqqət çəkib:
"Amerikanın gücü tankda, raketdə deyil, dollardadır. Dollar zəifləyərsə, Amerikanın imperatorluğu zəifləyir. Dolların zəifləməməsi üçün evro kimi alternativ valyutaları sıradan çıxarmaq, bunun üçün də Avropa iqtisadiyyatını çökdürmək lazımdır. Tramp gələndən sonra bəyan etdi ki, Avropa dövlətləri gəlirlərinin 5%-ni NATO-ya verməlidir. Bu, sosial sahəyə və iqtisadiyyata ayrılacaq pulu hərbiyə yönəltmək, Avropanı zəiflətmək deməkdir. Tramp hətta BRICS ölkələrini də hədələmişdi ki, alternativ dünya valyutası buraxsalar, onlara sanksiya tətbiq ediləcək".
A.Məsiyev xatırladıb ki, 2022-ci ildə Rusiya və Ukrayna İstanbulda razılığa gəlməyə çox yaxın idilər:
"2022-ci ildə İstanbul razılaşmasına görə hər iki dövlət sülhə razılaşmışdı. Lakin Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson Zelenskiyə təzyiq edərək sənəddən imtina etdirdi və münaqişə uzandı. Münaqişənin uzanmasından en çox Ukrayna xalqı əziyyət çəkdi. Zelenski Qərbin əlində alətə çevrilərək Ukrayna xalqını cəhənnəmə sürüklədi. Bu gün də Avropa ilə Rusiya arasında hadisələrin körüklənməsinə ABŞ və Böyük Britaniya rəvac verir".
Ekspert sözlərini belə yekunlaşdırıb:
"Hazırda Rusiyanın gəmilərinə həbs qoyulur və Rusiya rəsmiləri adekvat cavab veriləcəyini bəyan edirlər. Bu adekvat cavablar münaqişəyə aparan yoldur. Hesab edirəm ki, NATO bloku ilə Rusiya arasında de-fakto və de-yuri savaş başlayarsa, nüvə silahı işə düşəcək, bəşəriyyət böyük əziyyət çəkəcək və bundan ən böyük ziyanı elə Avropa çəkəcəkdir".
Zeynəb Rzayeva




