• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ: "Moskva bunu qəbul etməlidir"

SİYASƏT

18 Sentyabr 2026 | 17:19 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ: "Moskva bunu qəbul etməlidir"

“Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik daha çox Rusiyadan qaynaqlanan məsələdir”.

Bunu Bakıvaxtı.az-a Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iki ölkə arasındakı böhranın aradan qaldırılması ilə bağlı açıqlamasına münasibət bildirən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə g-örə, əslində, iki ölkə arasındakı gərginlik və Sergey Şoyqunun da dediyi tərzdə böhran vəziyyəti Azərbaycanla əlaqəli bir durum deyil. O, daha çox Rusiyadan qaynaqlanan bir məsələdir.

Politoloq qeyd edib ki, rəsmi Moskva müxtəlif media resursları vasitəsilə Azərbaycana, Azərbaycan Prezidentinə və dövlətinə qarşı təhqir və böhtan xarakterli məlumatlar yayır, eyni zamanda Rusiyada yaşayan azərbaycanlılara və orada çalışan insanlara qarşı da müəyyən addımlar atır.

Turan Rzayev qeyd edib ki, AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında gərginlik daha kəskin şəkildə özünü göstərməyə başlayıb:

“Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Rusiya bizim şimal qonşumuzdur. İki ölkə arasındakı ərazi və güc fərqi də bariz şəkildə ortadadır. Azərbaycanın Rusiya ilə nə kimi bir problemi ola bilər, sual buradadır. Əgər ortada bir problem varsa, bu problemi daha çox Rusiya ilə əlaqələndirmək lazımdır”.

Ekspert vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bununla yanaşı Rusiya ilə balans siyasətini də davam etdirir. Onun sözlərinə görə, Moskvanın narazılığının əsas səbəblərindən biri də Azərbaycanın müstəqil xarici siyasət yürütməsidir.

“Azərbaycan müstəqil ölkə olduğunu deyir, xarici siyasətində azad olduğunu bildirir, hətta buna rəğmən Rusiya ilə balans siyasətini davam etdirir. Amma nədənsə Rusiya bundan razı deyil. Çünki Kremlin imperialist maraqları o qədər böyükdür ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsini heç cür qəbul edə, bununla barışa bilmir”.

Müsahibimiz hesab edir ki, Azərbaycanın Rusiya ilə müharibə etmək niyyəti yoxdur. O bildirib ki, Moskva tərəfindən yeni ritorika və ya hər hansı addım atılacağı təqdirdə Bakı da buna adekvat cavab verəcək.

“Bizim niyyətimiz Rusiya ilə hər halda müharibə etmək deyil. Amma Rusiya tərəfindən hansısa ritorika olacaqsa, hansısa addım atılacaqsa, Azərbaycan buna da eyni tərzdə cavab verəcək. Artıq rəsmi Bakı göstərir ki, o, Rusiyadan qorxmur, çəkinmir. Faktiki olaraq biz Rusiyanı bərabər səviyyəli ölkə kimi görürük və Rusiyadan da bunu tələb edirik”.

Turan Rzayev Rusiya tərəfindən hansısa addım atılacaqsa, Azərbaycan buna eyni tərzdə cavab verəcək

Həmsöhbətimiz Ukrayna müharibəsi fonunda Azərbaycanın tutduğu mövqeyə də diqqət çəkib. Onun sözlərinə görə, Bakı Ukraynaya humanitar dəstək göstərsə də, Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb.

“Ukrayna müharibəsi fonunda Azərbaycan Moskvanın yanında yer almayıb. Kiyevə humanitar dəstəyi var. Paralelində biz Rusiyanın müharibənin işğalçı tərəfi olduğunu da bildirmişik. Amma buna rəğmən Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmamışıq, təzyiqlərdə iştirak etməmişik. Məncə, bu, kifayət qədər böyük bir jestdir”.

Ekspert əlavə edib ki, Azərbaycan həm Rusiya-Ukrayna danışıqları üçün platforma təqdim etməyə, həm də Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

“Bakı həmçinin danışıqlar üçün, gələcək danışıqlar üçün təhlükəsiz məkan olduğunu bildirir. Yəni bizim edə biləcəyimiz, məncə, maksimum şey budur. Onun xaricində də Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizində Rusiya və İrana kifayət qədər böyük imkanlar tanıyır”.

T.Rzayev hesab edir ki, əməkdaşlıq və siyasi dialoq davam etdiyi halda, iki ölkə arasında böhranın tam aradan qaldırıldığının elan olunması müəyyən suallar doğurur:

“Əməkdaşlıq və siyasi dialoq var ikən imperialist maraqlar güdən bir ölkənin indi deməsi ki, böhran vəziyyəti aradan qalxıb, bir qədər də gülüncdür. Yenə deyirəm, o böhranın səbəbkarı Rusiyadır. Azərbaycan heç bir halda belə bir böhranın içərisində olmayıb”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026