• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

 3 800 il yaşı olan Babil körpüsü aşkarlandı

DÜNYA

15 Noyabr 2026 | 00:45 | Müəllif: Gülşən Şərif

3 800 il yaşı olan Babil körpüsü aşkarlandı

İraqın cənubunda yerləşən qədim Larsa şəhərində təxminən 3 800 il əvvəl inşa edilmiş körpünün qalıqları aşkar olunub. Arxeoloqların fikrincə, böyük kanal üzərində salınan bu tikili qədim şəhərin nəqliyyat və ticarət sistemində mühüm rol oynayıb.

Bakıvaxtı.az xəbər verir ki, B69 adı verilən körpü bişmiş kərpicdən inşa edilib və müxtəlif dövrlərdə bir neçə dəfə yenilənib.

Tapıntılar arasında xüsusi diqqət çəkən artefakt isə üzərində Larsa hökmdarı Sin-İddinamın adının yazıldığı kərpicdir. Eramızdan əvvəl 1849–1843-cü illərdə hakimiyyətdə olmuş hökmdarın adını daşıyan bu nümunə körpünün tikintisi və ya bərpasının həmin dövrlə əlaqəsini müəyyənləşdirməyə imkan verir.

Körpü qədim şəhərin həyatında hansı rol oynayıb?

Təxminən 22 metr enində olan kanal Larsa şəhərinin mərkəzindən keçib. Körpü onun iki sahilini birləşdirərək insanların və yüklərin hərəkətini asanlaşdırıb.

Eramızdan əvvəl II minilliyin əvvəllərində Larsa Cənubi Mesopotamiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olub. Təxminən 200 hektar ərazini əhatə edən şəhərin inkişafında geniş su kanalları şəbəkəsi xüsusi əhəmiyyət daşıyıb. Bu kanallar həm əkin sahələrinin suvarılmasında, həm də malların daşınmasında istifadə edilib.

Qeyd edək ki, 2019-cu ildə bərpa olunan arxeoloji tədqiqatlar çərçivəsində şəhərdə 5,4 kilometr uzunluğunda müdafiə divarları, yüzlərlə kanal, su anbarları və qədim liman ərazisi də müəyyən edilib.

Fransa-İraq arxeoloji layihəsi çərçivəsində aparılan qazıntılar zamanı şəhər qapıları, iri tikililər və nüfuzlu şəxslərə məxsus yaşayış kompleksləri də aşkarlanıb.

Mütəxəssislər körpünün təxminən yarısının artıq torpaqdan təmizləndiyini bildirirlər. Qazıntıların davam etdirilməsi tikilinin ilkin quruluşunu və qədim Mesopotamiyada şəhər infrastrukturunun necə təşkil olunduğunu daha ətraflı öyrənməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026