Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir. Ankara isə Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir. O, açıqlamasında "Aİ Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidir. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək" sözlərini qeyd edib.
Maraqlıdır ki, Aİ-Türkiyə yaxınlaşması region üçün nələr vəd edəcək?
Mövzu ilə bağlı politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bir vaxtlar Çinə və Rusiyaya qarşı mübarizə aparan kollektiv Qərb artıq daxildə ABŞ ilə didişməyə başlayıb:
"Donald Trampın hakimiyyətə gəlişindən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya fərqli möve qoyması ABŞ-Aİ münasibətlərinin gərginləşməsinə səbəb olub. Tramp bu müharibəni bitirməyə çalışır. Ona görə hətta Ukraynanı qurban verməkdən və Rusiyanın müharibədən qalib çıxmasından çəkinmir. Bu, Avropa İttifaqını narahat edir. Çünki Rusiya müharibədə qalib olarsa, gələcəkdə Avropa ölkəsi ola bilər. Avropa isə bunu istəmir. Belə bir vəziyyətdə Avropanın Türkiyəyə ehtiyacı var".
Kənan Novruzov: Türkiyənin Avropa İttifaqına üzvlüyünü ləngidən üzv dövlətlər hazırda peşmanlıq hiss edirlər
Politoloq hesab edir ki, Aİ-nin bir sıra səbəblərə görə Türkiyəyə əməkdaşlığı zəruridir.
"Birincisi, Türkiyənin Rusiya ilə münasibətləri normal səviyyədədir və tək türk Qərb dövlətlərindən biridir. Bu mənada Avropa Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaqla, perspektivdə Rusiyadan gələ biləcək təhdidləri azalda bilər. İkincisi, Aİ Türkiyə-ABŞ münasibətlərinin yaxşı səviyyədə olduğunu bilir. Aİ Türkiyə vasitəsilə ABŞ ilə münasibətlərin qırılma nöqtəsinə gəlməsinin qarşısını ala bilər”.
Müsahibimiz vurğulayıb ki, vaxtilə Türkiyənin Avropa İttifaqına üzvlüyünü ləngidən üzv dövlətlər hazırda peşmanlıq hiss edirlər.
“Bütün hallarda tarix və siyasət göstərir ki, Aİ öz qapılarını vaxtında Türkiyənin üzünə bağlamamalı idi", - deyə Kənan Novruzov əlavə edib.
Gülşən Şərif