Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.5, azot-4 oksid isə Sumqayıt şəhərində 1.1, Gəncə şəhərində 1.3 dəfə normadan çox müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bütün iri şəhər və meqapolislərdə avtomobil sayı çox olur:
“Əhali sayı çoxdursa, həmin şəhərin iqtisadiyyatı artdıqsa, nəqliyyat vasitələri də artır. Daxili yanma mühərriki ilə çalışan avtomobillərin sayı artdıqca, əlbəttə ki, ekoloji vəziyyət heç də yaxşılaşmır”.
Onun sözlərin görə, elə bu səbəbdən də dövlət ölkəmizə yeni, ekoloji təmiz nəqliyyat vasitələrinin gətirilməsində maraqlıdır ki, atmosferə daha çox zərər verilməsin. Onlar da hibrid və elektrik mühərrikli avtomobillərdir. Dövlət artıq bu növ avtomobillərin idxalı zamanı müəyyən güzəştlər əldə edib.
Ekspert qeyd edib ki, bu avtomobillər gömrükdə bütün rüsumlardan azad edilib:
“Bununla yanaşı, ekoloji təmiz nəqliyyat vasitələri üçün kredit şərtləri sadələşdirilib. Vətəndaşlar belə avtomobil alarkən daha sadə şərtlər və az faizlə ala bilirlər. Düşünürəm ki, bundan sonra da vətəndaş və sahibklarların ölkəyə bu avtomobilləri gətirməkdə maraqlı olmaları üçün stimullaşdırıcı addımlar davam edəcək”.
Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a a açıqlamasında bildirib ki, dəm qazının tərkibi karbon dioksiddir:
“Bu, çox ciddi toksik qazdır, ən çox oksigensiz şəraitdə yanma nəticəsində yaranır. Nəfəs aldığımız zaman ciddi zəhərlənmələr olur. Vaxtında ilkin tibbi yardım göstərilməsə, qısa zamanda xəstənin, ürək, beyin, tənəffüs fəaliyyəti dayanır. Bunun miqdarının atmosferdə artması, sözssüz ki, çox ciddi zəhərlənmələrə yol açmaz. Lakin istər istəməz oksigen miqdarının azalması və karbon qazının miqdarının artması ümumi problemlər yarada bilər”.
Həkim vurğulayıb ki, xüsusən də, xroniki xəstəliyi olan insanlarda problem yarana bilər. Məsələn, ağciyər, ürək çatışmazlığı, asma xəstəliklərinə təsir edə bilər:
“Onlar karbon dioksid çox olan atmosferdə yaşayırlarsa, ümumi halsızlıq, nəfəs darlığı, tez yorulma şikayətləri ola bilər. Uzun zaman o mühitdə yaşayan insanlarda, bəlkə nəsə bir narahatlıq, ümumi problemlər yarada bilər. Atmosferdə çoxalması isə çox da ciddi, kəskin fəsadlar verməz”.
Aytac Aslan