• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Azad Şuşadan dünyaya aşılananlar… - Əkbər Qoşalı yazır
YAZARLAR
13 Iyul 2026 | 15:49

Azad Şuşadan dünyaya aşılananlar… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

(IV Şuşa Qlobal Media Forumu haqqında düşüncələr)

Bəzən şəhərlər coğrafiya olmaqdan çıxır sanki və sanki onlar zamana çevrilir. Bəzən tədbirlər də yalnız təqvim hadisəsi olmur. – Baxırsan, onlar da siyasi düşüncənin, mədəni iradənin və geosiyasi baxışın ifadəsinə çevrilir.

Bax, bu gün bizim Şuşa, bizim Mədəniyyət paytaxtı, bizim işğaldan qurtulmuş şəhərimiz məhz belə bir mərhələdədir…

Bəli, IV Şuşa Qlobal Media Forumu artıq yalnız jurnalistlərin toplantısı kimi dəyərləndirilmir; o, Azərbaycanın XXI yüzildə formalaşdırdığı yeni siyasi-mədəni məktəbin önəmli institutlarından birinə çevrilməkdədir. Forumun əsas fərqi də elə bundadır: burada media haqqında danışılmır, media vasitəsilə dünyanın gələcəyi haqqında danışılır.

Bu il forumun mövzusu – “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” – əslində çağımızın ən mürəkkəb suallarından birini gündəmə gətirdi. İnformasiya bolluğu dönəmində həqiqət niyə azalır? Kommunikasiya imkanları artdığı halda güvən niyə azalır? Bu suallar təkcə jurnalistikanın suallarıdırmı? – Əlbəttə, yox. – Söhbət bütövlükdə çağdaş sivilizasiyanın suallarından gedir. Söhbət məhz bu çağırış fonunda keçirilən Forumdan gedir.

Dünən: Şuşa sükutdan sözə qayıtdı..

Gəlin birinci Şuşa Media Forumunu xatırlayaq.

O zaman dünyanın diqqəti daha çox azad edilmiş torpaqlara yönəlmişdi. Xarici jurnalistlər dağıntıları görür, işğalın izlərini müşahidə edir, Azərbaycanın illərlə söylədiyi həqiqətlərin canlı şahidinə çevrilirdi.
Əslində ilk forumların əsas missiyası bir qədər fərqli idi.
Dünya Qarabağı savaş, atəşkəs, atəşkəs pozuntusu kimi xəbərlərdən tanıyırdı.
Şuşa isə… sanki dilə gələrək, istəyirdi ki, dünya Qarabağı gözlə tanısın.
Bax, bu, diplomatiyadan daha artıq bir iş idi.
Bu, həqiqətin vizual tanıtımı idi.
Çünki bəzən bir dağıdılmış məscid, atəşə verilmiş kitabxana yüz atəşli açıqlamadan artıq danışır…
Bir viran qoyulmuş şəhər min hesabatdan daha inandırıcı olur, bəli!..
Belə səbəblərə görə ilk forumlar daha çox “həqiqətin nümayişi” mərhələsini ifadə edirdi.

Bu gün: Şuşa artıq izah etmir… Şuşa istiqamət göstərir…

IV Forum öncəkilərdən ciddi şəkildə fərqlənir.
Artıq söhbət yalnız Qarabağın taleyindən getmir.
Müzakirələrin coğrafiyası xeyli genişlənib.
Qlobal informasiya təhlükəsizliyi…
Süni intellekt…
Güvən böhranı…
Dezinformasiya…
Yeni geosiyasi düzən…
Media etikası…
Enerji marşrutları…
Regional sülh…
Quzey, Güney… Gündoğar, Günbatar…
Burada diqqəti çəkən başqa bir məqam da var:
Prezident İlham Əliyevin cavabları artıq dünyanın müxtəlif qitələrindən gəlmiş media nümayəndələrinə ünvanlanmış açıq siyasi dialoq formatında səslənirdi. Bu isə Şuşa Forumunu adi beynəlxalq konfransdan fərqləndirən əsas özəlliklərdən biridir.
Necə deyərlər, burada hazırlanmış nitq oxunmur. – Şuşada canlı siyasi düşüncə nümayiş etdirilir.Suallar öncədən razılaşdırılmır. Cavablar isə yalnız mövqe sərgiləmir – dövlət strategiyasını göstərir.
Belə bir üslub son illərdə Şuşa Forumlarının özünəxas siyasi ənənəsinə çevrilmişdir.

Bəs Şuşa Qlobal Media Forumunun başqa forumlardan fərqi nədir?

Dünyada Davos var; Münhen Təhlükəsizlik Konfransı var; Doha Forumu var, Valday Konfransı var; Şanqri-La Dialoqu var… Var da var… – Onların hərəsinin öz missiyası mövcuddur.
Şuşanın fərqləndirici cəhəti isə başqa yerdədir.
Şuşa geosiyasəti humanitar məkanla birləşdirir. Burada təhlükəsizlik mədəniyyətdən, media tarixdən, diplomatiya yaddaşdan ayrılmır.
Əslində Şuşa Forumunun özünəxaslığı onun coğrafiyasından ötədə – dağlar başındakı bu şəhərin mənəvi koordinatlarındadır.
Şuşa özlüyündə bir ismarıcdır. –
Belə deyək, Şuşanın özü arqumentdir; Şuşanın özü sübutdur.
Burada keçirilən hər tədbirin arxasında görünməyən bir mətn də var: o mətn işğaldan dirçəlişə gedən yolu vəsf edir!..
Bəli, həqiqət artıq təkcə müdafiə olunmur.
Bu il diqqət çəkən başqa bir dəyişiklik də vardı.
Öncəki forumlarda Azərbaycan daha çox öz həqiqətlərini izah edirdi.
İndi isə Azərbaycan artıq regional və qlobal proseslərə dair baxışlarını bölüşür.
Enerji, daşımalar, Zəngəzur dəhlizi, Quzey-Güney, Orta Dəhliz, ABŞ ilə münasibətlər, Avropa ilə bağlar, İslam həmrəyliyi, evimiz – Türk dünyası… Eləcə də, Ukrayna məsələsi və b.
Bütün bunlar Şuşanın artıq yalnız Qarabağ mövzulu platform olmadığını göstərmirmi?
Şuşa – Azərbaycanın qlobal siyasi dialoq tribunasına çevrilir.  

Bəs ixtisasyönümlülüyü, uyğun əməli çalışma sahəsini göz önündə tutsaq, media haqqında ən önəmli dərs nədir? – Bizcə:
media yalnız informasiya ötürən vasitə sayılmamağı haqq edir; media güvən yaradır. Əgər güvən yoxdursa, ən doğru xəbər belə təsirsiz qalır. 
Əgər güvən varsa, ən uzaq həqiqət belə insanlara çatır.
XXI yüzilin əsas böhranı informasiya qıtlığı kimi yorumlanmamalıdır – Məsələ güvən güvən qıtlığıdadır.
Şuşa isə bu il məhz həmin boşluğu müzakirə etdi. – Məncə forumun ən vacib sonucu da elə bu məqamda yığılıb.

Dünəni, bugünümüzü dedik; yaxşı bəs sabah necə olacaq? – Məsələn, Şuşa Məktəbi formalaşa bilərmi? – Sözüm sizə qərib gəlməsin – artıq bu sualı verməyin vaxtıdır. Necə bilirsiz, Şuşa Forumu növbəti illərdə yalnız tədbir olaraqmı qalacaq, yoxsa ayrıca bir məktəb yaranacaq?
Mən ikinci ehtimalın daha gerçək olduğunu düşünürəm.
Əgər Münhen təhlükəsizlik məktəbi formalaşdırdısa, Davos iqtisadi düşüncə platformuna çevrildisə,
Şuşa da media diplomatiyasının yeni məktəbini yarada bilməzmi?..
Bax, budur, məktəbin əsas anlayışlarını təsəvvür etməyə, sıralamağa çalışaq: 
həqiqətin müdafiəsi, 
informasiya məsuliyyəti, 
mədəni yaddaş, 
rəqəmsal etika, 
geosiyasi dəngə, 
güvən kapitalı.
Bunlar gələcəyin media fəlsəfəsinin əsas kateqoriyalarına çevrilə bilər.

Şəhərlərin də insanlar kimi öz yığvala olur deyirlər.
Elə şəhərlər var, tarix onları anır; elə şəhərlər də var, onlar tarixin özünü dəyişir. Bizim Şuşa, bizim Mədəniyyət paytaxtı ikinci qəbildəndir.
Bir vaxtlar işğalın simvoluna çevrilməsi istənilən şəhər bu gün ədalətli sülhün, dialoqun, media diplomatiyasının və həqiqətin simvollarından birinə çevrilir.

Şuşa bir Azərbaycanın şəhəri olmaq etibarıyla, bu gün həqiqətin danışıldığı, dinlənildiyi və gələcəyə çevrildiyi ünvandır. Çünki qalib gəlmiş həqiqət özünə yeni tribunalar, yeni məktəblər və yeni gələcək də qurur. Bu gün həmin məkanın adı Şuşadır.

Dövlətimiz zabal görməsin!

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR