• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

AZAL qəzası, Moskvanın məsuliyyəti və Bakı üçün prinsipial xətt

SİYASƏT

27 Fevral 2026 | 13:27

AZAL qəzası, Moskvanın məsuliyyəti və Bakı üçün prinsipial xətt

AZAL təyyarəsinin vurulması ilə bağlı səslənən fikirlər artıq emosional müstəvidən çıxaraq açıq siyasi və hüquqi çərçivəyə daxil olub.

Azərbaycan tərəfi mövqeyini kifayət qədər aydın ifadə edir: hadisə Rusiya Müdafiə Nazirliyinin səhvi nəticəsində baş veribsə, bu, rəsmi şəkildə tanınmalı, hüquqi qiymət verilməli və kompensasiya mexanizmi işləməlidir. Burada əsas məsələ təkcə bir qəzanın texniki təhlili deyil. Söhbət dövlət məsuliyyətindən, beynəlxalq hüquq normalarına əməl olunmasından və verilmiş siyasi vədlərin yerinə yetirilməsindən gedir.

Əgər doğrudan da hərbi səhv nəticəsində mülki təyyarə vurulubsa, bu, sıradan insident kimi təqdim oluna bilməz. Mülki aviasiya təhlükəsizliyi beynəlxalq sistemin ən həssas sahələrindən biridir və burada şəffaflıq və cavabdehlik əsas prinsipdir. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əıiyev ilə görüşdə verdiyi vədlər kontekstində məsələ daha da siyasi məna qazanır. Çünki artıq bu, texniki araşdırma yox, siyasi etibar məsələsinə çevrilir. Verilən sözlərin arxasında real addımlar dayanmalıdır.

Bakı üçün bu mövqe prinsipialdır və təsadüfi deyil. Azərbaycan son illər regional və qlobal səviyyədə daha müstəqil və suveren siyasət yürüdür. Belə bir şəraitdə hər hansı hadisənin üstünün örtülməsi və ya qeyri-müəyyən izahlarla keçişdirilməsi daxili və xarici auditoriyada zəiflik kimi qəbul oluna bilər. Ona görə də, rəsmi Bakının xətti sərtdir, amma emosional deyil. Tələb olunan şey aydındır: məsuliyyətin tanınması, hüquqi prosedurların icrası və zərərin ödənilməsi.

Moskva üçün isə məsələ daha mürəkkəbdir. Bir tərəfdən, hadisənin səhv olduğunu qəbul etmək beynəlxalq imicə zərbə vura bilər. Digər tərəfdən isə susqunluq və ya qeyri konkret açıqlamalar etimad böhranını dərinləşdirə bilər. Hazırkı geosiyasi şəraitdə Rusiya Cənubi Qafqazda mövqelərini itirmək istəmir. Bu baxımdan Azərbaycanla münasibətlərdə əlavə gərginlik yaratmaq Moskvanın maraqlarına uyğun deyil. Deməli, Kreml qarşısında seçim dayanır: qısa müddətli reputasiya itkisi ilə məsuliyyətli davranış, yoxsa uzunmüddətli siyasi etimadın aşınması.

Bu hadisə eyni zamanda regionda güc balansı məsələsinə də toxunur. Azərbaycan artıq təkcə regional oyunçu deyil, enerji, logistika və təhlükəsizlik məsələlərində strateji tərəfdaşdır. Belə bir aktorun legitim tələblərinə cavab verilməməsi münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Ona görə də prosesin necə yekunlaşacağı yalnız iki ölkə arasındakı münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazdakı siyasi arxitekturanı da təsirləndirəcək.

Nəticə olaraq məsələ sadədir, amma əhəmiyyəti böyükdür. Əgər səhv varsa, etiraf olunmalıdır. Əgər vəd verilibsə, yerinə yetirilməlidir. Dövlətlərarası münasibətlər emosiyalarla yox, öhdəliklərlə ölçülür. Bu hadisə də həmin öhdəliklərin sınağıdır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR