Rəsmi məlumatlara görə bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 216 mln. 100 min manat xərcləyib.
Bakivaxti.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir.

X.Kərimli qeyd edib ki, əgər əhali qazancının 20-25%-dən çoxunu ərzağa xərcləyirsə, deməli o ölkə kasıbdır: “Pərakəndə ticarət istehlakçı xərclərini və davranışını xarakterizə edən əsas indikatordur. Pərakəndə ticarətə dair statistikaya baxmaqla, əhalinin il üzrə xərclərinin sahəsilə ilə bağlı məlumatlı oluruq. İstehlakçı xərcləri, pərakəndə ticarətin özü də ölkədə ümumi daxili məhsulu formalaşdıran əsas amillərdən biridir.
Təbii ki, statistikalarda təhrif etimalı yüksəkdir. Kölgə iqtisadiyyatı olan, iqtisadiyyatı tam şəffaflaşmamış ölkələrdə bu statistikalar real vəziyyəti təhrif edilmiş halda da əks etdirə bilər. Lakin ümumi vəziyyətlə bağlı təsəvvür yaradırlar. Qeyri-rəsmi iqtisadiyyatın olması və uçotdan yayınmalar bu rəqəmləri bir qədər təhrif edir”.
Ekspert qeyd edib ki, bu statistik göstəriciləri Azərbaycan üçün ümumi vəziyyəti əks etdirən indikator kimi qəbul etsək, pərakəndə ticarətin strukturunda ərzaq xərcləri 47%-dən çox olduğunu görürük: “Yəni əhalinin umumi qeyd edilmiş xərclərinin yarısına bərabərdir. Dünyanın inkişaf etmiş ölkələrində əhalinin xərclərində ərzaq xərclərinin çəkisi 20-25%-i keçmir. Adətən əhalinin sosial vəziyyəti haqqında danışanda adambaşına düşən gəlirə paralel bu göstəriciyə baxılır.
Ərzaq xərcləri inkişaf etmiş ölkələrdə əhali xərcləmələrinin 1/5 təşkil edir. Bu göstəricini çox keçmir. Yəni, 30%-i adlamır. Əhalinin sosial vəziyyətinin yaxşı olmadığı ölkələrdə bu rəqəm 50-60% faizdən çox olur. Kasıb ailələr bunu öz xərclərində də görə bilərlər ki, qazanclarının 80%-ə yaxınını ərzağa xərcləyirlər”.
X.Kərimli qeyd edib ki, insanın gəlirləri artıqca, varlandıqca qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayır: “Məsələn, məişət əşyalarına pul xərcləyirlər, mədəni xidmətlər alırlar. Nəticədə xərclərin strukturunda ərzaq xərclərinin payı azalır. Amma bu o demək deyil ki, onlar ərzağa az pul xərcləyiblər. Onlar gəlirlərinə nisbətən ərzağa az xərcləyirlər. Onlar yenə də daha çox ərzaq istehlak edirlər və qiymətlərə də az həssas olurlar.
Əhalinin gəlirlərinin yarısının ərzağa xərclənməsi onu deməyə imkan verir ki, ölkə əhalisi hələ də arzuolunan sosial-maddi rifah vəziyyətinə gəlib çatmayıb”.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, bu ilin 3 ayı ərzində bir nəfər orta hesabla ayda 318.1 manatlıq, o cümlədən 172.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145.2 manatlıq qeyri-ərzaq malları alıb.
Ramid İbrahimov
Bakivaxti.az
















