Azərbaycan və Ermənistan arasında anlaşma olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirinin Aparatı birgə açıqlama yayıblar. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq ediblər. Etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad edir. Ermənistan da 2 azərbaycanlı hərbçini azad edəcək. Həmçinin, Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.
Millət vəkili Nəsib Məhəməliyev Bakıvaxtı.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında, münasibətlərin normallaşdırılması və sülh sazişinə nail olmaq niyyətinin təsdiqlənməsi barədə anlaşma tarixi hadisədir.
Deputatın sözlərinə görə, bu, təkcə iki xalqın yox, bütövlükdə regionun sülhsevər xalqlarının uzun illərdən bəri gözlədiyi mühüm xəbərdir: "Hər şey qarşılıqlı etimaddan başlayır. Əsirlərin qarşılıqlı şəkildə azad edilməsi, Ermənistanın COP 29-a ev sahibliyindən namizədliyini Azərbaycanın lehinə geri götürməsi, bu istiqamətdə atılmış olduqca əhəmiyyətli addımlardır. Təbii ki, bütün bunlar, xalqlarımızın barışığa, sülhə meylli olduqlarının göstəricisidir. Uzun illər davam edən qarşıdurma, nifrət, müharibələr, hər iki xalqın taleyində dərin izlər buraxıb. İnsanlar artıq yorulublar və əbədi düşmənçiliyin heç kimə xeyir gətirməyəcəyənin fərqindədirlər".
Parlament üzvu vurğulayıb ki, eyni zamanda, vasitəçilik missiyası adı altında üçüncü qüvvələrin bölgədə sülhün yox, öz maraqlarından çıxış etmələri də faktdır: "Biz qonşuyuq, istəsək də, istəməsək də birlikdə yaşamağa məhkumuq. Başa düşürəm, nə qədər ağrılı olsa belə, bundan sonra çalışmalıyıq ki, düşmənçilik səhifələrini bağlayaq. Münasibətləri yeni müstəviyə çıxaraq. Bir daha qan tökülməsin. Anlaşmanı son dərəcə əhəmiyyətli, müsbət hadisə olaraq dəyərləndirirəm, alqışlayıram".
Aydın Baxış