“Avropa İttifaqının "mülki missiyası"nın Ermənistanda qalmasının bizə dəxli, yəni narahatlığı yoxdur”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
Ekspert deyib ki, əgər Aİ öz missiyasını Ermənistanda qalmasını istəyirsə, qoy saxlasınlar:
"Avropa İttifaqının "mülki missiya" adı altında Ermənistana yerləşdirilmiş hərbçilər şərti sərhədlər boyu gəzib-dolaşırlar. Durbinlə ora-bura baxırlar. Nə qədər istəyirlər, baxsınlar, orada gəzişsinlər, bizə nə dəxli? Ermənistan kimi istəyirsə, öz ölkəsinə gətirsin, yerləşdirsin. Biz Ermənistana hücum etmək fikrində deyilik.
Zərdüşt Əlizadə: Ermənistan kimi istəyirsə, öz ölkəsinə gətirsin, yerləşdirsin
Onun sözlərinə görə, Azərbaycan hər gün bəyan edir ki, məqsədi sülh müqaviləsini imzalamaq və münasibətləri normallaşdırmaqdır. Politoloq hesab edir ki, bu məsələdə başları ağrıyacaq ölkələr İran və Rusiyadır:
“Bu iki ölkə Qərblə düşməndirlər, ona görə də Qərbin bölgəyə gəlməsindən qorxurlar. Bizim "beşdə alacağımız yox, üçdə verəcəyimiz". Belə xırda şeylərə fikir vermək lazım deyil. İrəvan özü də maraqlıdır ki, həmin güclər ölkədə qalsın. Öz aləmlərində sərsəm oyun oynayırlar, nəticədə indiki kimi pis günə düşürlər. Belə də davam etsinlər".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır. Baş nazir vurğulayıb ki, Ermənistan bu məsələyə etiraz etmir:
"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik".
Xatırladaq ki, Aİ missiyasının müddətinin2027-ci ilin fevral ayınadək uzadılması barədə qərar verilib. Bu arada Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam etməkdədir. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən AB missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Aydın Baxış